
2025-ci ilin yanvar – avqust ayları ərzində POS-terminallardan istifadə ilə bağlı keçirilmiş nəzarət tədbirləri zamanı 1.143 qanun pozuntusu aşkar edilib.
Bu barədə Missiya.Az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
“POS-terminallar vasitəsilə həyata keçirilən ödənişlər həm şəffaflıq, həm təhlükəsizlik, həm də maliyyə intizamı baxımından vacibdir. Pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulması deməkdir. Belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur ki, bu da istehlakçıların öz hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır. Eyni zamanda, belə hallar mal, iş və xidmətlər əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların “ƏDV geri al” layihəsindən faydalanmaq hüququndan məhrum olması ilə nəticələnir”-məlumatda qeyd edilib.
DVX-dən bildirilib ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyaları tətbiq olunur.