AZ

Ombudsmanın vicdanı və AYNA nın qırmızılığı

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Heydər Əliyev Beynəlxalq Hava Limanındakı vəziyyət hər kəsə bəllidir: London taksiləri və qismən də “Bold” xaricində bütün taksi xidmətlərinin hava limanından müştəri götürməsini qadağan ediblər, nəticədə aeroportdan şəhərə gəliş 3-4 dəfə bahalaşıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 6 gündür araşdırma aparır – yəqin ki, bu “araşdırma” aylarla bitməyəcək. Ortada bir şirkətə digərləri qarşısında ədalətsiz şərait yaratma var, taksi sürücüləri aeroport ərazisindən müştəri götürməyin mümkün olmadığını, proqramın həmin ərazidə söndürüldüyünü bildirir və bunu sübut edən görüntüləri yayırlar, Agentlik isə “araşdırmaqdadır”.

Gözlənilirdi ki, bu müddət ərzində millət vəkilləri, ayrı-ayrı ictimai xadimlər bu məsələdə mövqe ortaya qoyub, bəlli qurumların taksi şirkətlərindən nə istədiyini və illərdir taksi qiymətini artırmaq üçün niyə çalışdığını sorğulayacaqlar. Amma onlardan da səs çıxmadı...

Kobud bir hesablama apara bilərik: aeroportda bir taksi şirkətinə üstün imkanlar yaratmaq və qiymət artımını təşviq etməklə ayda nə qədər qanunsuz gəlir əldə etmək olar ki? Bu inhisarçılıq, ədalətsizliklə əldə edilən gəlirin həcmi olsun aylıq, məsələn, 100 min, illik 1 milyon, lap 2 milyon – bundan çox ola bilməz! Bu 1-2 milyon dövlət və büdcə üçün deyil - əmin ola bilərsiniz! Bu, kimlərinsə şəxsi maraqları ola bilər və buna görə taksi şirkətləri – yüzlərlə taksi sürücüsü, onların ailələri, minlərlə, onminlərlə sərnişin narazı salınmamalı, bu qədər qanunsuzluq açıq-aşkar dəstəklənməməlidir.

Bu, xalqı hakimiyyətdən narazı salmaqdır, onun nüfuzuna xələl gətirməkdir, düşmən dəyirmanına su tökməkdir...

Millət vəkilləri, ictimai xadimlər və dövlətin bəlli qurumları bu qanunsuzluğa etirazını bildirməyi bacarmalıdırlar.

Ancaq millət vəkillərindən səs çıxmır, əvəzində yalnız Ombudsman dillənir, rəsmi açıqlama yayır və elan edir:

“Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 10 sentyabr 2025-ci ildən taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb. Monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur.

Tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.

Ombudsman tərəfindən vətəndaşların konstitusion hüquqlarının təmini, tariflərin şəffaf və ədalətli mexanizm əsasında formalaşdırılması, bütün lisenziyalı taksi xidmətləri üçün bərabər imkanların yaradılması, rəqabət mühitinin qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı müraciət ünvanlanacaq”.

Çox vicdanlı, ədalətli, hər kəsin müşahidə etdiyi həqiqətdir – Ombudsman və Ombudsman Aparatına bu ədalətli, vicdanlı mövqeyinə görə təşəkkür düşür.

Maraqlıdır, necə olur ki, Ombudsman Aparatı bu hadisə ilə bağlı qısa müddətdə monitorinq aparıb, nəticə əldə edə bilir? Bəlkə Antiinhisar Agentliyi nümunə götürsün? Halbuki Agentliyin heyəti, işçi sayı daha çoxdur və birbaşa vəzifələri də budur.

Ombudsmanın bu vicdanlı açıqlamasına AYNA-nın cavabı isə şokedicidir. AYNA Ombudsman Aparatının bu rəsmi açıqlamasına cavabında bildirir ki, hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır.

Bu cümləni dilə almaq, rəsmi şəkildə yaymaq və bu iddianı elan etmək üçün mütləq “qırmızı adam” olmaq lazımdır.

Bütün taksi operatorlarını bloklayandan sonra aeroportdakı qiymətin 3-4 dəfə qalxdığını hər kəs gördüyü halda, bu iddianı necə səsləndirmək olar?

Azərbaycanın paytaxtı Bakının yeganə aeroportuna metro yoxdur, tramvay yoxdur, trolleybus da yoxdur, marşrut taksisi, normal, hər tərəfə işləyən marşrut avtobusu yoxdur. Bakı bəlkə də nadir şəhərlərdəndir ki, aeroportla şəhərin arasındakı əlaqə yalnız taksi xidmətinin umudunadır.

AYNA hansı meyarla heç bir normal ictimai nəqliyyat təmin etmədiyi bir istiqamətə taksi şirkətlərinin fəaliyyətini məhdudlaşdırmalıdır?

Hamının, hər kəsin tam-tamına bildiyi yalanı qaraşax üzə deyə bilən və bundan utanmayanlar isə “qırmızı adam”lardır.

Demə, AYNA onlardan da betərmiş...

Azər, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
2
www.bakupost.az

3Mənbələr