AZ

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilib-YENİLƏNİB

ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbir keçirilib.

AZƏRTAC-ın məlumatına görə, açılış öncəsi tədbir iştirakçılarının qrup fotosu çəkilib. Daha sonra mərkəzin həmsədri Vayra Vike-Frayberqa çıxış edib. O bildirib ki, BMT Baş Assambleyasının sessiyası dünyada çoxsaylı münaqişələrin baş verdiyi bir dövrdə keçirilir və çoxtərəflilik həqiqətən yolayrıcındadır. O, təşkilatın xüsusilə son dövrlərdə Ukrayna və Qəzza məsələsi ilə bağlı sərt tənqidlərlə üzləşdiyini deyib. Daha sonra çıxış edən Albaniya Prezidenti Bayram Beqay bildirib ki, çoxtərəflilik böyük və kiçik, varlı və kasıb dövlətlərə bir masa arxasında əyləşməyə imkan verib, sülhyaratma, humanitar yardım, iqlim dəyişikliyi və atəşkəs kimi qlobal çağırışlara keyfiyyətli cavab üçün çərçivə yaradıb. Albaniya Prezidenti ABŞ-da Ermənistanla əldə olunmuş razılaşmaya görə Azərbaycana təşəkkür edib.

COP29-un Prezidenti Muxtar Babayev çıxışında ötən il Azərbaycanda keçirilən COP29-un çoxtərəfliliyin real və tarixi nəticələr verməyə qadir olduğunu nümayiş etdirdiyini bildirib.

O deyib ki, COP29-da danışıqçıların üzərində təxminən on ildir müzakirələr apardığı məsələlər üzrə sövdələşmələr əldə olunub.

Tədbirdə çıxış edən Bosniya və Herseqovina Prezidentliyinin sədri Jelko Komçiş, Monteneqro Prezidenti Yakob Milatoviç, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus, Birləşmiş Krallığın keçmiş Baş naziri Qordon Braun, Bolqarıstanın Baş naziri Rosen Jelyazkov, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və digər qonaqlar çoxtərəfliliyin qarşılaşdığı çətinliklər, BMT-də islahatların zəruriliyi, dünyada sülhün və sabitliyin təmin olunması istiqamətində atılmalı addımlar, birgə fəaliyyət, iqlim böhranı ilə mübarizə barədə danışıblar. O cümlədən tədbirdə Avropa ilə Asiya arasında bağlantı, region ölkələrinin bu istiqamətdə rolu və layihələrin insanların rifahına təsirinə toxunulub.

Tədbir çərçivəsində qlobal liderlərin, siyasətçi və ekspertlərin iştirakı ilə “Çoxtərəfliliyin bu günü: çağırışlar və imkanlar”, “Fərqin aradan qaldırılması: Çoxtərəfli səylərdə qlobal bərabərsizliklə mübarizə”, “İqlim dəyişiklikləri və qlobal mübarizə”, “Geosiyasi gərginliklər və onların çoxtərəfliliyə təsirləri” mövzusunda panel müzakirələri keçirilib.

17:42

ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbir keçirilir.

AZƏRTAC-ın məlumatına görə, açılış öncəsi tədbir iştirakçılarının qrup fotosu çəkilib. Daha sonra açılış nitqi ilə mərkəzin həmsədri Vayra Vike-Frayberqa çıxış edib. Dünyanın bir çox ölkələrindən indiki və keçmiş dövlət başçıları, siyasət adamları konfransda çıxış edəcəklər.

Tədbir çərçivəsində “Çoxtərəfliliyin bu günü: çağırışlar və imkanlar”, “Fərqin aradan qaldırılması: Çoxtərəfli səylərdə qlobal bərabərsizliklə mübarizə”, “İqlim dəyişiklikləri və qlobal mübarizə”, “Geosiyasi gərginliklər və onların çoxtərəfliliyə təsirləri” mövzusunda panel müzakirələri baş tutacaq.

Seçilən
19
4
xalqqazeti.az

5Mənbələr