AZ

Regional liderlikdən Qlobal aktorluğa

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka işgüzar səfəri ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun, güclənən iqtisadi dayaqlarının və qlobal miqyasda etibarlı tərəfdaş obrazının aydın təzahürü kimi diqqət çəkir. Bu səfər BMT Baş Assambleyasının ali tribunasından Azərbaycan mövqeyinin bütün dnüyaya bəyan edilməsi baxımından əhəmiyyətli olmaqla yanaşı həm də ölkəmiz üçün strateji əhəmiyyət daşıyan qlobal maliyyə institutları ilə keçirilən yüksək səviyyəli görüşlər üçün əlverişli fürsət yaratdı.

Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi Zəfər, suverenliyin tam bərpası və milli inkişaf modelinin uğuru beynəlxalq aləmdə ölkəmizə marağı artırmış, Prezident İlham Əliyevi isə regionda və qlobal müstəvidə sabitlik, əməkdaşlıq və tərəqqini təşviq və təmin edən lider kimi tanıtmışdır.
Nyu-Yorkda baş tutan görüşlərin məzmunu Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının çoxşaxəli istiqamətlərini nümayiş etdirdi. Prezident İlham Əliyev dünyanın aparıcı maliyyə və investisiya qurumlarının rəhbərləri ilə danışıqlar apararaq, milli iqtisadiyyatımızın potensialını və bütövlükdə regionun strateji imkanlarını təqdim etdi.

“Brookfield Asset Management”in baş icraçı direktoru Brüs Flətt ilə müzakirələrdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr və sabit inkişaf modeli yüksək qiymətləndirildi. “Neuberger Berman” şirkətinin rəhbəri Corc Volker kapital bazarlarının dərinləşdirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından Azərbaycanın cəlbedici mövqeyini vurğuladı. “Blackstone” şirkətinin prezidenti Conatan Qrey isə ölkəmizin həyata keçirdiyi islahatların beynəlxalq investorlar üçün əlverişli imkanlar yaratdığını qeyd etdi.

Səfər çərçivəsində keçirilən digər görüşlər Azərbaycanın iqtisadi inkişaf xəritəsini daha da zənginləşdirdi. “Franklin Templeton” şirkətinin prezidenti Cenni Conson Azərbaycanla əməkdaşlığın beynəlxalq kapital üçün mühüm imkanlar açdığını, ölkəmizdəki sabit investisiya mühitinin uzunmüddətli tərəfdaşlıq üçün əlverişli zəmin yaratdığını bildirdi. Prezident İlham Əliyev Dövlət Neft Fondu ilə şirkət arasındakı uğurlu əməkdaşlığın kapital bazarlarının dərinləşməsinə və yaşıl gündəliyin həyata keçirilməsinə töhfəsini xüsusi vurğuladı.

“Ares Management” şirkətinin baş icraçı direktoru Maykl Aruqeti ilə görüşdə Azərbaycanın alternativ investisiya və sosial infrastruktur sahələrində geniş əməkdaşlıq imkanları ön plana çəkildi. Dövlət başçısı 2017-ci ildən uğurla davam edən tərəfdaşlığın yeni layihələrlə zənginləşdirilməsinin vacibliyini diqqətə çatdırdı. Maykl Aruqeti Azərbaycanın davamlı inkişaf siyasətini və institusional investorlar üçün yaradılmış əlverişli mühiti yüksək qiymətləndirdi.

“Global Infrastructure Partners” şirkətinin təsisçisi və rəhbəri Bayo Oqunlesi ilə danışıqlarda beynəlxalq infrastruktur əməkdaşlığının regional iqtisadi inteqrasiyaya verdiyi töhfələr müzakirə edildi. Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondu ilə şirkət arasında İtaliyanın sürətli dəmir yolu operatoru “Italo”ya yatırılan sərmayəni uğurlu tərəfdaşlığın nümunəsi adlandırdı. Bayo Oqunlesi Azərbaycanın strateji coğrafi mövqeyini və uzunmüddətli investisiyalar üçün əlverişli mühitini yüksək dəyərləndirdi.

Bu görüşlərin hər biri Azərbaycanın iqtisadi gücünün beynəlxalq miqyasda etirafı olmaqla yanaşı, ölkəmizin artan siyasi çəkisinin və diplomatik nüfuzunun da göstəricisidir. Prezident İlham Əliyevin qlobal maliyyə nəhəngləri ilə keçirdiyi görüşlər və aparılan danışıqlar Azərbaycanın regional liderlikdən qlobal aktorluğa yüksəlişini təsdiqləyir.

Səfərin siyasi konteksti də xüsusilə önəmlidir. Azərbaycanın irəli sürdüyü təşəbbüslər, səsləndirdiyi təkliflər, beynəlxalq hüququn aliliyinə, sülh və təhlükəsizlik prinsiplərinə sadiqliyi BMT-nin 80-ci Baş Assambleyasının tribunasından bütün dünyaya bəyan edilir və bu da beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyini daha da möhkəmləndirir.

Beləliklə, Prezident İlham Əliyevin Nyu-York səfəri təkcə iqtisadi əməkdaşlıq perspektivlərinin genişləndirilməsi ilə məhdudlaşmır, həm də ölkəmizi qlobal proseslərin fəal iştirakçısına çevirməklə Azərbaycanın geosiyasi çəkisini artırır. Səfər çərçivəsində keçirilmiş görüşlər, əldə olunmuş razılaşmalar, verilmiş açıqlamalar və bəyanatlar öz-özlüyündə Azərbaycan siyasətinin qlobal müstəvidə dayanıqlığını nümayiş etdirir, qlobal xarakterli problemlərin həllində Azərbaycanın rolunu və yerini müəyyənləşdirir və nəticə etibarilə ölkəmizin qlobal siyasi-iqtisadi sistemə inteqrasiyasının əsas paradiqmalarını müəyyənləşdirir.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Seçilən
12
4
veteninfo.az

5Mənbələr