AZ

ADY-də ixtisarlar başlayıb?

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də ixtisarlara başlanıldığı haqda məlumatlar yayılıb. 

“Bakuinfo” xəbər verir ki, iddialarda yol infrastrukturu üzrə bir sıra ara stansiyaların ləğv edildiyi, bunun nəticəsində həmin stansiyalarda çalışan işçilərin uzaqlaşdırıldığı deyilir. Məlumata görə, qərb, cənub və şimal istiqamətləri üzrə ümumilikdə 150 nəfərə yaxın işçi ixtisar edilib.

Qurumdan "Qafqazinfo"ya verilən açıqlamada bildirilib ki, ümumilikdə daxili strukturun təkmilləşdirilməsi çərçivəsində kassaların fəaliyyətinin dayandırılması ilə bağlı 24 ştat ixtisara salınıb. Bu isə ümumi əməkdaş sayının 0,16 faizidir: “Qurum daxilində resurslardan daha səmərəli istifadə və xidmətlərin müasirləşdirilməsi məqsədilə optimallaşdırma tədbirləri həyata keçirilir. Bakı və Gəncə dəmiryol kassalarının fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq, kassa əməkdaşlarının bir qismi başqa işə keçirilib, bir qismi isə başqa işə keçirilmə təklifini qəbul etməyib”.

Həmçinin qeyd edilib ki, 2023-cü il iyulun 1-dən etibarən kağız istifadəsinin azaldılması məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə kağız biletlərin satışı dayandırılıb: “Ağdam, Bərdə, Köçərli, Qazax, Ləki və Ucar stansiyaları, Göynük, Qorağan, Əliabad, Göyəm və Təzəkənd dayanacaqları istifadəyə verildikdən sonra bu istiqamətlər üzrə bilet satışı onlayn qaydada təşkil edilir.

Xidmət keyfiyyətinin yüksəldilməsi nəticəsində son illər bilet alışında “ADY Mobile” mobil tətbiqi və ADY-nin rəsmi saytının payı nəzərəçarpacaq dərəcədə  artıb. Artıq “ADY Mobile” istifadəçilərinin sayı 300 min nəfəri ötüb.

2023-cü ilin 8 ayında rayonlararası istiqamətlər üzrə biletlərin 48 faizi, 2024-cü ilin 8 ayında 65 faizi, bu ilin eyni dövründə isə 71 faiz onlayn şəkildə alınıb.

ADY-nin 2023-2028-ci illər üçün rəqəmsallaşma strategiyasına müvafiq olaraq mərhələli şəkildə bütün xidmətlər elektronlaşdırılır. Eyni zamanda, yükdaşımaları sahəsində də artıq xidmətlər elektronlaşdırılıb, ölkə daxili yükdaşımaları isə artıq kağızsız qaydada, elektron imza ilə həyata keçirilir.

Sərnişinlər onlayn bilet satışının 7/24 aktiv olması nəticəsində məkan və zamandan asılı olmayaraq həm özlərinə, həm də ailə üzvləri və yaxınlarına daha rahat və növbə gözləmədən bilet almaqla vaxtlarına maksimum qənaət edirlər”.

Seçilən
29
33
bakuinfo.net

10Mənbələr