Beynəlxalq alimlər qrupu sürətli kökəlmənin əsas səbəblərindən birinin yuxusuzluq olduğunu müəyyən edib.
Editor.az bu barədə “The Conversation” nəşrinə istinadla xəbər verib.
Araşdırmaya görə, yuxu çatışmazlığı beynin və hormonların fəaliyyətinə təsir göstərir, aclığı artırır və iştahaya nəzarəti zəiflədir.
Statistikaya əsasən, böyüklərin üçdə birindən çoxu müntəzəm olaraq gecə yeddi saatdan az yatır, gənclərin isə təxminən 75%-i tövsiyə olunan səkkiz-on saat yuxunu almır. Xüsusilə gecə növbəsində çalışanlar və təcili yardım işçiləri daha həssas qrup hesab olunur, çünki onların bioloji ritmləri pozulur. Bu da yüksək kalorili qidalara meyli artırır və maddələr mübadiləsində ciddi pozuntulara yol açır.
Mütəxəssislər bildirirlər ki, hətta bircə gecə normal yuxu almamaq belə “aclıq hormonu” kimi tanınan qrelinin səviyyəsini yüksəldir, toxluq hissinə cavabdeh leptini isə azaldır. Nəticədə insanlarda aclıq hissi artır, yeməkdən isə doyma halları zəifləyir.
Funksional MRT nəticələri də göstərib ki, yuxusuzluq nəzarət və qərarvermə ilə bağlı beyin bölgələrində aktivliyi azaldır, əvəzində həzz mərkəzlərində reaktivliyi gücləndirir. Bu isə yüksək kalorili qidaların daha cəlbedici görünməsinə və onlara qarşı müqavimətin azalmasına səbəb olur.
Yuxu çatışmazlığı həmçinin insulinə həssaslığı 20-25% azaldır, şəkərin orqanizmdə düzgün mənimsənilməsini pozur və yağ yığılmasını sürətləndirir. Bundan əlavə, stress hormonu olan kortizolun səviyyəsini artıraraq qarın piylənməsinə yol açır. Bu isə tip 2 diabet və metabolik sindrom riskini yüksəldir.
Alimlərin sözlərinə görə, bir neçə gecə keyfiyyətli yuxu bədənin hormonal balansını bərpa edə, fast food həvəsini azalda və maddələr mübadiləsini gücləndirə bilər.
//Gülnarə Abasova, Editor.az