AZ

“Getsin o şilləni nazirə vursun”

Əhməd İmamquliyev: “Azyaşlının döyülməsinə Gürcüstan parlamentinin iki azərbaycanlı deputatı da laqeyd yanaşır”  

Artıq bir neçə gündür Gürcüstanın Marneuli (Sarvan) şəhərində 17 yaşlı azərbaycanlı yeniyetmənin döyülməsi müzakirə mövzusuna çevrilib. Hadisəyə səbəb onun gürcü dilini bilməməsi olub. Belə ki, meriya əməkdaşı Tornike Mtvarelidze və Marneuli bələdiyyə şurası sədrinin 27 yaşlı oğlu Mamuka Gigani onu şirniyyat mağazasından qovaraq “öz ölkənə qayıt” deyiblər. 

Gürcüstan Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl məlumat yayaraq bildirib ki, Mamuka Gigani azərbaycanlı uşağı döyməkdə ittiham olunur və saxlanılıb. 

Tiflisdə yaşayan hüquq müdafiəçisi Samirə Bayramova Musavat.com-a açıqlamasında deyib ki, döyülən yeniyetmə mağazada satıcı işləyir: “İki nəfər mağazaya girib ondan nəsə soruşub, o isə Azərbaycan dilində cavab verib. Bundan əsəbiləşən şəxslər əvvəlcə onu təhqir ediblər, sonra isə döyüblər. 

Onlar Marneulidə özlərini reket kimi aparırlar. Mamuka Gigani bir neçə həftə əvvəl də azərbaycanlının üzərinə bıçaqla hücum etmişdi. Qardaşı polis olduğuna görə cəzasız qalır. Hadisə də bu fonda baş verib. Səs-küy artanda polis və Gürcüstan parlamentindəki azərbaycanlı deputat əraziyə gəlib, amma heç bir reaksiya verməyiblər. Mamuka Gigani isə şəhərdə qışqıraraq insanlara hücum edib. Yalnız ertəsi gün camaatın və medianın təzyiqi ilə saxlanılmışdı", - deyə S. Bayramova bildirib. 

Onun sözlərinə görə, bu, azərbaycanlılara qarşı ilk hal deyil: “Azərbaycanlılara  daima təzyiq göstərilir, vəhşicəsinə davranılır. Hüquq-mühafizə orqanları isə susur. İndi də polis, yerli idarəetmə və cinayətkar qruplar yeniyetmənin ailəsinə təzyiq edirlər ki, şikayət ərizəsini geri götürsünlər. Onları idarəyə aparıb məcburi imza atdırıblar ki, Gigani azadlığa çıxsın. Əks halda, məhkəmədə geri çəkilməsələr, böyük problemlərlə üzləşəcəklərini deyiblər. Yeniyetmənin atası əlildir, anası işləmir. Oğlan isə satıcılıq etməklə ailəsini dolandırır".  Samirə Bayramovanın sözlərinə görə, ailə tamamilə müdafiəsiz qalıb və Azərbaycanın Gürcüstandakı səfirliyi də baş verənlərə reaksiya vermir. 

Əldə olunan son məlumata görə, Mamuka Qiqani azyaşlıya qarşı zorakılıqda ittiham olunmasına baxmayaraq, cəmi 15 min lari (9450 manata ekvivalent) girov qarşılığında azadlığa buraxılıb. Bu qərar Gürcüstan məhkəməsinin son hökmü ilə elan edilib və bölgədə yaşayan azərbaycanlılar arasında ciddi narazılıq doğurub. 

Samirə Bayramova son açıqlamasında məhkəmənin qərarına sərt reaksiya verib: “Bu da sizə "ədalət". Azyaşlıya qarşı zorakılıq edən, onu təhqir edən şəxsi 15 min lari girov qarşılığında azadlığa buraxırlar. Bu, cəzasızlıq mühiti yaradır və belə davranışların qarşısını almaq əvəzinə, onları stimullaşdırır. Biz tələb edirik ki, günahkar layiqli cəzasını alsın, azərbaycanlı uşaqların, ümumən azlıq icmaların hüquqları təmin olunsun". 

Borçalı türklərinin siyasi liderlərindən biri olan Əhməd İmamquliyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Gürcüstanda gürcü dili dövlət işində çalışan şəxslərdən tələb edilə bilər: “Bir vətəndaşın digər vətəndaşa "sən niyə gürcü dilini bilmirsən" deməsi qəbuledilməzdir. Əgər 17 yaşlı azərbaycanlı gürcü dilini bilmirsə, bunun günahkarı Gürcüstan hakimiyyəti və bu ölkənin Təhsil Nazirliyidir. Dövlət vətəndaşın gürcü dilini öyrənməsinin qayğısına qalmalı idi. Soydaşımızı təhqir edən şəxs gedib o şilləni Gürcüstanın bu günə qədər vəzifədə olan təhsil nazirinə vursun. Soruşsunlar ki, niyə onun vətəndaşı dövlət dilini bilmir? 

Mamuka Qiqaninin girovla həbsdən azad olunması o demək deyil ki, o insanın boynundakı cinayət bağlanır. Sadəcə olaraq, həmin şəxs istintaq sona çatana qədər Gürcüstanı tərk etməmək şərti ilə azadlıqda olacaq. Hüquqşünaslar tələb etməlidirlər ki, bu şəxs cəzalandırılsın". 

Ə.İmamquliyev deyir ki, yeniyetmənin ailəsi onlara təzyiq olunduğunu birbaşa ifadə etməsə də, bu halla qarşılaşıb: “Ailənin şikayətçi olmaması sübut edir ki, onlara qarşı hansısa yollarla təzyiq göstərilir, lakin bunu etiraf etmirlər.  

Çox təəssüflər olsun ki, Gürcüstan parlamentində iki azərbaycanlı deputat təmsil olunmasına baxmayaraq, onlar bu məsələyə laqeyd yanaşırlar və hadisə ilə bağlı hər hansı fikir bildirmirlər. Marneuli bələdiyyəsinin başçısı da səsini çıxarmadı və baş verənləri görməzdən gəldi.  

Yeniyetmənin valideynlərindən biri ağır xəstədir. Buna görə də soydaşımız ailəsini dolandırmaq üçün mağazada işləyirdi. İndi o işə getmir və psixoloji durumu yaxşı deyil". 

Gürcüstan Azərbaycanlıları Konqresi də Marneulidə azərbaycanlı gəncə qarşı baş vermiş insidentlə bağlı bəyanat yayıb. Qurum hadisəni kəskin pisləyərək, bunu etnik ayrı-seçkiliyin təzahürü kimi qiymətləndirib: “Bir neçə gün öncə Marneuli şəhərindəki şirniyyat evlərinin birində M.Qiqaninin azərbaycanlı bir gənci gürcü dilini bilmədiyinə görə təhqir etməsi və ona şillə vurması haqda yayılmış fakta Gürcüstan Azərbaycanlıları Konqresi olaraq, nifrətimizi bildiririk! 

Heç kimə haqq verilməyib ki, milli mənsubiyyətinə görə başqasını aşağılaya, alçalda, təhqir edə. Vətəndaşı olduğumuz Gürcüstan dövlətinin qanunları bizim milli kimliyimizi və dilimizi qoruyur. Bunu azərbaycandilli məktəblərimizin varlığı, ali məktəblərə qəbul zamanı milli qəbul imtahanlarının olması, Gürcüstanda yaşayan xalqların etnik kimliyini aşağılayan, təhqir edən şəxslər üçün ölkəmizin cinayət məcəlləsində cəza tədbirlərinin nəzərdə tutulması təsdiq edir. Hüquq-mühafizə orqanları Qiqanini saxlayıb və ona cinayət işi açıb. Həmin cinayət baş verdiyi anda parlament deputatımız Zaur Darğallı, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, “Gürcü Arzusu” partiyasından Marneuli meri vəzifəsinə namizəd Daur İsmayılov, bələdiyyə məclis üzvü Vasil Xaxulaşvili hadisəyə vaxtında müdaxilə edib və insidentin böyüməsinin qarşısını alıblar. 

Marneulidə birgə yaşadığımız bütün xalqlarla bərabər, etnik azlıq olan svanlarla da həmişə dostluq şəraitində yaşamışıq, onların dövlət dilində danışmamasına heç vaxt etiraz etməmişik! 

Fikrimizi bir gürcü atalar sözü ilə bitirmək istəyirik: “İnsandakı hörmət gül axtarar, nifrət isə tikan axtarar”. Gəlin birlikdə gül axtaraq, tikan axtarmayaq!" 

Şahanə RƏHİMLİ, 
“Yeni Müsavat” 

Seçilən
16
musavat.com

1Mənbələr