AZ

27 Sentyabr – anım və qürur günümüz

Doğma Vətənimiz Azərbaycan tarix boyu çoxsaylı sınaqlardan və keşməkeşli yollardan keçmiş, ədalət və azadlıq uğrunda yorulmadan mübarizə aparmışdır. Xalqımız uzun illər boyu haqqı olanı almaq əzmini itirməmiş, milli iradəsini və mübarizə ruhunu daim qoruyub saxlamışdır.  1988-ci ildən sonra xalqımızın cəlb olunduğu beynəlxalq hüquq normalarına zidd olan, torpaqlarımızın 20 faizini 30 ildən artıq düşmən tapdağında saxlayan münaqişə millətimizin qələbəyə olan ümidini qırmamış, qələbəyə gedən yolda həm diplomatik, həm də döyüş meydanında inamlı mübarizəyə sövq etmişdir.

Ali Baş Komandanmız İlham Əliyevin qətiyyətli rəhbərliyi və şanlı Ordumuzun rəşadəti sayəsində tarixi Zəfərə imza atılmış, işğala son qoyularaq ərazi bütövlüyümüz təmin edilmişdir. Bu Zəfər nəticəsində tariximizdə hüzünlə anılan günlər artıq qürur və iftixar hissi ilə xatırlanan günlərlə əvəz olunmuşdur. İllər keçsə də bu möhtəşəm qələbənin sevinci və şəhidlərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaq, hər zaman xalqımızın yaddaşında yaşayacaq, gələcək nəsillərə qürur mənbəyi kimi ötürüləcəkdir. Bu, həm də Azərbaycan dövlətçiliyinin gücünü, xalqımızın birliyini və sarsılmaz iradəsini bütün dünyaya göstərən tarixi bir hadisədir.

Müasir tariximizdə mühüm təqvimlərdən biri olan 27 Sentyabr – Anım Günü xalqımızın yaddaşına həm kədər, həm də qürur günü kimi həkk olunmuşdur. Bu tarix 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəsinin ilk günü olmaqla, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə ehtiramın rəmzidir. Həmin gün başlayan mübarizə xalqımızın azadlıq iradəsini, milli birliyini və dövlətçiliyinə sədaqətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusunun şücaəti, Ali Baş Komandanın qətiyyətli rəhbərliyi və xalqın sarsılmaz dəstəyi nəticəsində tarixi Zəfərə imza atıldı. 27 Sentyabr – Anım Günü bu qəhrəmanlığın, vətənə sədaqətin və xalqımızın milli ruhunun əbədi simvoluna çevrilmişdir. Bu gün biz şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etməklə yanaşı, onların göstərdiyi qəhrəmanlıqdan güc alır, müstəqil Azərbaycanın gələcəyini daha da möhkəmləndirmək əzmini ifadə edirik.    

Azərbaycanın müasir tarixində Qarabağ münaqişəsi və onun doğurduğu faciələr xalqımızın yaddaşına silinməz izlər buraxmışdır. Müharibəni qaçılmaz edən əsas səbəblər isə həm Ermənistanın uzun illər davam edən işğalçı siyasəti, həm də beynəlxalq münasibətlər sistemində mövcud olmuş ədalətsiz yanaşmalar idi.

Rəsmi İrəvanın əsrlər boyu apardığı düşmənçilik siyasəti hələ XIX əsrdən – ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarına köçürülməsi dövründən başlamış və 200 ildən çox davam etmişdir. Bu müddətdə xalqımıza qarşı sistemli şəkildə soyqırımı siyasəti həyata keçirilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə dinc insan qətlə yetirilmişdir. XX əsrin əvvəllərində ifrat millətçilik ideologiyasına əsaslanan daşnak silahlı dəstələrinin törətdiyi qətliamlar Azərbaycan tarixinin qanlı səhifələri kimi yaddaşlara həkk olunmuşdur.

“Dənizdən dənizə Ermənistan” kimi sərsəm ideyalar bu siyasətin mahiyyətini açıq şəkildə üzə çıxarmış, 1948–1956-cı illərdə on minlərlə azərbaycanlı tarixi yurdlarından deportasiya olunmuş, 1987-ci ildən isə Ermənistan ərazisində yaşayan bütün azərbaycanlılar doğma torpaqlarından zorla qovulmuşdur. Nəticədə monoetnik dövlət siyasəti həyata keçirilmiş, Azərbaycan xalqı öz tarixi torpaqlarından didərgin salınmışdır.

Xarici havadarlarının dəstəyi ilə silahlandırılan Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, yüzlərlə şəhər və kənd yerlə yeksan olunmuş, dinc əhali vəhşiliklə qətlə yetirilmişdir. Xocalı soyqırımı isə erməni faşizminin ən dəhşətli simasını bütün dünyaya göstərmişdir.
Münaqişənin dərinləşməsinə və müharibənin qaçılmaz olmasına təsir edən əsas amillərdən biri də beynəlxalq təşkilatların “ikili standartlar” siyasəti idi.

ATƏT-in Minsk qrupu 29 il ərzində münaqişənin həllinə deyil, sadəcə dondurulmasına çalışmış, qəbul edilən qətnamələr isə yalnız kağız üzərində qalmışdır.

Nəticədə, Azərbaycan xalqı öz haqq səsini ucaldaraq 2020-ci ildə Vətən müharibəsində böyük Zəfərə imza atdı. Bu qələbə ilə həm tarixi ədalət bərpa olundu, həm də dövlətimizin suverenliyi və ərazi bütövlüyü təmin edildi. 

Azərbaycan münaqişə dövründə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş, məsələni sülh və danışıqlar yolu ilə həll etməyə çalışmışdır. Lakin beynəlxalq təşkilatların, xüsusən də BMT-nin aciz mövqeyi münaqişənin uzanmasına səbəb olmuşdur. Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri illərlə kağız üzərində qalmış, işğalçı dövlətə qarşı heç bir real təzyiq göstərilməmişdir. Ermənistanın destruktiv mövqeyi danışıqları nəticəsiz qoymuş və təcavüzün davam etməsinə şərait yaratmışdır.

Ermənistan işğal etdiyi torpaqlarda 30 il ərzində təxribatlarını davam etdirmiş, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi mütəmadi atəşə tutaraq dinc əhalimizin təhlükəsizliyini pozmuşdur. Xalqımız bu haqsız işğalla heç zaman barışmamış, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Tovuz hadisələri zamanı öz iradəsini açıq şəkildə ortaya qoymuşdur. Lakin Ermənistan bu döyüşlərdən nəticə çıxarmamış, əksinə, təxribatlarını davam etdirmiş və xalqımıza qarşı təhqiramiz bəyanatlar səsləndirmişdir.

Nəhayət, 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı Azərbaycan xalqının “səbir kasasını” daşırdı. Atəşkəsi kobud şəkildə pozaraq cəbhə boyu mövqelərimizi intensiv atəşə tutan düşmən, eyni zamanda Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinə ağır artilleriya zərbələri endirdi. Bu təcavüz nəticəsində hərbi qulluqçularla yanaşı, aralarında uşaqların da olduğu günahsız mülki şəxslər həlak oldu. Düşmənin yeni hücumunu dəf etmək və işğala son qoymaq üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücum əmri verdi. Beləliklə, 44 günlük Vətən müharibəsi başlandı və Azərbaycan tarixi Zəfərini qazandı.
2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu qısa müddət ərzində müstəsna hərbi uğurlar əldə etdi. Noyabrın 9-dək aparılan döyüş əməliyyatları zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və 53 kəndi, Zəngilan şəhəri, Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, eləcə də Şuşa şəhəri və Laçın rayonunun 3 kəndi azad olunmuşdur. Bununla yanaşı, Ağdərə və Murovdağ istiqamətlərində bir sıra strateji yüksəkliklər, Zəngilan rayonunda isə Bartaz, Sığırt, Şükürataz və daha 5 yüksəkliyin azad edilməsi Ordumuzun döyüş məharətinin və milli ruhunun parlaq təzahürü olmuşdur.

44 günlük müharibədə əldə edilən hərbi qələbə siyasi müstəvidə də davam etdirildi. Azərbaycan 20 gün ərzində əlavə olaraq üç rayona – 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın rayonuna sülh yolu ilə nəzarəti bərpa etdi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndlərini nəzarətə götürdü. Bu, həm hərbi gücün, həm də diplomatik çevikliyin birgə nəticəsi idi.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın azad edilməsi Qələbənin rəmzi zirvəsi oldu. Elə bundan dərhal sonra – 10 noyabrda Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanan bəyanatla müharibəyə son qoyuldu. 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və uzun illər davam edən işğala son qoyulması ilə nəticələndi. 

Vətən müharibəsi Azərbaycan tarixində əbədi olaraq mübarizlik və qəhrəmanlıq səhifəsi kimi qalacaqdır. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız bir amal ətrafında birləşərək sarsılmaz iradə nümayiş etdirmişlər. Bu Qələbəni xalqımıza bəxş edən qəhrəman oğullarımızın şücaəti dastanlaşmış, onların igidliyi gələcək nəsillərə örnək olmuşdur. Bu gün Azərbaycan qalib dövlət, xalqımız isə müzəffər xalq olaraq azad edilmiş torpaqları qurur və dirçəldir.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Anım Günü kimi qeyd olunur. Bu gün şəhidlərimizə dərin ehtiramın, onların müqəddəs xatirəsinə dövlət və xalq səviyyəsində sədaqətin təcəssümüdür. Anım Günü təkcə xatırlamaq deyil, həm də qəhrəmanlıq ruhunu yaşatmaq və gələcək nəsillərə ötürmək baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan dövləti hər zaman öz əsgərinin, qazisinin, şəhid ailələrinin yanındadır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev şəhidlərin xatirəsinin əbədiləşdirilməsini, qazilərin sağlamlığının bərpasını xüsusi diqqət mərkəzində saxlayır. Müasir protezlərlə təminat, sosial dəstək proqramları və “YAŞAT” Fondu vasitəsilə həyata keçirilən tədbirlər dövlət qayğısının bariz nümunəsidir. İndiyədək minlərlə qazi və şəhid ailəsi Fondun dəstəyi ilə sosial, tibbi və maddi yardım almışdır.

Vətən müharibəsində qazanılan tarixi Qələbə dövlət mükafatlarında da öz əksini tapdı. “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də “Vətən Müharibəsi Qəhrəmanı” adı və onlarla yeni medal Azərbaycan əsgərinin igidliyini əbədiləşdirən ali dövlət təltifləridir. Bu mükafatlar həm də gələcək nəsillərə bir çağırışdır: vətənpərvərlik, igidlik və dövlətə sədaqət ən yüksək dəyərdir.

Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıda inşa edilən Zəfər parkı xalqımızın qəhrəmanlıq dastanının simvolu, şəhidlərimizin əziz xatirəsinin isə əbədiyyət ünvanıdır.Burada ucaldılan 44 metr hündürlüyündə Zəfər Tağı, 8 Noyabr Zəfər Günü abidəsi, Zəfər Muzeyi xalqımızın mübarizə yolunu, igid övladlarımızın fədakarlığını və milli həmrəyliyi gələcək nəsillərə çatdıracaqdır.

Azərbaycan xalqı hər zaman şəhidlərinin ruhuna ehtiramla yanaşmış, onların qoyduğu müqəddəs irsi yaşatmağı özünə borc bilmişdir. Şəhidlərin qanı bahasına qazanılan bu Qələbə daim milli qürur mənbəyimiz olacaqdır.

Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini

Seçilən
9
3
sabahinfo.az

4Mənbələr