AZ

Adnan Əhmədzadənin vəkili, görün, kim imiş...

SOCAR-ın İnvestisiya Departamentinin hazırda həbsdə olan sabiq rəhbər müavini Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevlə bağlı maraqlı fakt üzə çıxıb.

Axar.az lent.az-a istinadən bildirir ki, Şaiq Mirzəyev vəkillik fəaliyyəti ilə yanaşı, həm də media təsisçisi imiş. O, e-huquq.az saytının təsisçisidir.

Şaiq Mirzəyev Vəkillər Kollegiyasının, həmçinin Vəkillərin İxtisas Komissiyasının üzvüdür. E-huquq.az saytı da Vəkillər Kollegiyasının fəaliyyətini mütəmadi və ən çox işıqlandıran saytdır.

Təsisçisi olduğu sayt Mirzəyevi həm də “dərin humanizm prinsiplərinə sadiq qalan, ictimai faydalı təşəbbüslərdə fəal iştirak edən nüfuzlu vətəndaş” kimi təqdim edib.

Şaiq Mirzəyev Əhmədzadənin vəkili olmaq üçün işdən çıxdı?

Bir neçə gün öncə hüquqşünas Əkrəm Həsənov sosial şəbəkədə Şaiq Mirzəyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyasının departament müdiri olmasını əks etdirən foto paylaşıb. Nazirliyin saytından edilmiş skrində vəkilin həmin nazirlikdə Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiri vəzifəsini tutması əks olunub.

Ə.Həsənov qeyd edib ki, vəzifəli şəxsin vəkil kimi başqa şəxslə müqavilə bağlaması qanunvericiliklə qadağan edilib.

Bundan bir neçə dəqiqə sonra isə qurumun saytından Şaiq Mirzəyevin departament müdiri olmasına dair məlumat və foto silinib.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanin mətbuat katibi Fidan Seyidşahqızı məlumat ictimailəşəndən sonra bildirib ki, Şaiq Mirzəyev hazırda Milli Observatoriyanın əməkdaşı deyil: “Onunla əmək müqaviləsinə 15 sentyabr tarixindən xitam verilib”.

Buna baxmayaraq, Vəkillər Kollegiyasının mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, vəkilin publik hüquqi şəxsdə fəaliyyət göstərməsi onun dövlət qulluğunda işləməsi anlamına gəlmir: “Publik hüquqi şəxs dövlət qulluğu sayılmadığından həmin qurumlarda çalışan şəxslərin vəkil kimi fəaliyyətinə məhdudiyyət tətbiq edilmir. Bu səbəbdən vəkillərin publik hüquqi şəxslərdə işləməsi onların peşə fəaliyyətinə mane olmur.

Vəkillərin fəaliyyəti yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Sonda qeyd etmək istərdik ki, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevin guya vəkillik fəaliyyətinə zidd hərəkətləri barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Həm də milyarder Fərhad Əhmədovun vəkili

Şaiq Mirzəyev bundan əvvəl daha bir milyarderin məsələsi ilə bağlı gündəmə gəlib. O, Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun müdafiəçisi kimi mediada çıxış edib. Şaiq Mirəzyev Fərhad Əhmədovun adı keçən beynəlxalq korrupsiya işi üzrə Fransa vətəndaşı Anass Derrazın Bakıda məhkəmədə dediklərini təkzib edib. Şaiq Mirzəyev Fərhad Əhmədovun fəaliyyəti, “xidmətləri”, xeyriyyəçi əməlləri barədə geniş açıqlaması ilə diqqət çəkib. O, “Fərhad Əhmədova qarşı hücumları əsassız” hesab edib.

Vəkildən polis idarəsi ilə bağlı qalmaqallı açıqlama

Şaiq Mirzəyevin adı bir də “polis idarəsində kobud rəftara məruz qalması” ilə bağlı xəbərlə xatırlanır. O, bu barədə məlumatı təsisçisi olduğu e-huquq.az saytında ictimailəşdirmişdi.

SOCAR-ın keçmiş vitse-prezidenti ilə işbirliyi

Şaiq Mirzəyev həm də “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin rəhbəridir. Onun müştəriləri arasında “Azəriqaz”, “Qrant həyat”, “Yelobank” kimi şirkətləri görə bilirik.

2020-ci ildə isə o, “Az-Qranata” MMC-yə baş direktor təyin edilib. Bu vəzifədə isə uzun müddət işləyə bilməyib. Qeyri-rəsmi məlumatlara görə, “Az-Qranata” MMC SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılova və ailəsinə məxsusdur.

Adnan Əhmədzadənin vəkili kimi fəaliyyəti

Adnan Əhmədzadə sentyabrın 19-da həbs edilib. Şaiq Mirzəyev hazırda Adnan Əhmədzadənin mediaya məlum olan yeganə vəkilidir. O, vəkil olaraq Adnan Əhmədzadənin həbsindən apellyasiya şikayəti vermədiklərini açıqlayıb. Mirzəyev açıqlamalarında həmçinin, müvəkkilinin mediada barəsində yazılanlardan narahat olduğunu da vurğulayb.

Seçilən
0
8
axar.az

9Mənbələr