AZ

ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır.

Day.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində - 28 sentyabr 2025-ci il tarixindən etibarən müasir elektrik qatarları ilə Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək.

Qrafikə əsasən, qatar hər gün saat 05:45-də Gəncədən yola düşərək 06:57-də Mingəçevir şəhər stansiyasına çatacaq, saat 07:15-də Mingəçevirdən Gəncə-Ağstafa istiqamətində hərəkət edərək 08:26-da Gəncə, 09:48-də isə Ağstafada olacaq. Günün ikinci yarısında reyslər saat 16:00-da Ağstafadan başlayacaq, qatar saat 17:19-da Gəncəyə, 18:36-da Mingəçevir şəhər stansiyasına çatacaq. Saat 19:00-da Mingəçevirdən yola düşən qatar 20:11-də Gəncədə olacaq.

Sərnişinlər Mingəçevir, Mingəçevir-baş, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edə biləcəklər.

Qatarlarda standart, standart+ biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Gəncə-Mingəçevir istiqamətində biletlərin minimum qiyməti 2,60 AZN, Mingəçevir-Ağstafa istiqamətində isə 6,80 AZN təşkil edəcək.
Sərnişinlər səfər zamanı ödənişsiz "Wi-Fi" xidmətindən də yararlana biləcəklər.

Biletləri 25 sentyabr tarixindən etibarən ADY-nin rəsmi veb-saytı və "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.

ADY qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Mingəçevir sahəsində dəmir yollarında yenidənqurma işləri həyata keçirib. Həmçinin Mingəçevir şəhər stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib.

Gəncə-Mingəçevir-Ağstafa marşrutunun istifadəyə verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir. İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq.

Seçilən
8
39
day.az

10Mənbələr