AZ

MEDİA: Türkiyə mediasında yayılan saxta xəbərlər Birgə Media Platformasının mahiyyətinə ziddir

Türkiyə mediasında neqativ tendensiya ilə bağlı narahatlıq

"Rusiya, İran, Ermənistan və Qərb mediası üçün xarakterik olan bu tip dezinformasiya axınının Türkiyə mediasında da özünü göstərməsi Azərbaycan cəmiyyətində dərin təəssüf doğurur”.

Bunu Türkiyə mediasında artıq neqativ tendensiya halını almaqda olan məsələ ilə bağlı APA-ya açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib.

Xarici informasiya resurslarında dezinformasiya kampaniyaları

O qeyd edib ki, bir sıra xarici ölkələrin informasiya resurslarında və sosial media seqmentlərində Azərbaycana qarşı zaman-zaman dezinformasiya kampaniyasının aparıldığı müşahidə olunur:

"Sentyabrın 23-ü Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi məsələ ilə bağlı açıqlama yayıb. Türkiyənin sosial media seqmentində və Azərbaycana qərəzli mövqeyi ilə seçilən bəzi media qurumları tərəfindən yayılan saxta xəbərlərin "Hüriyyət” və "Sabah” qəzetləri də daxil olmaqla, bir sıra ciddi informasiya resurslarında da tirajlanmasından, Azərbaycanla bağlı həqiqəti əks etdirməyən, şübhəli mənbələrə istinad edilərək dezinformasiyaların dərc olunmasından dərin təəssüf hissi keçiririk”.

Media əməkdaşlığına zidd yanaşma

O bildirib ki, qardaş ölkənin aparıcı media qurumlarının belə yanaşması "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2021-ci ildə imzalanmış Anlaşma Memorandumu ilə formalaşdırılmış Azərbaycan-Türkiyə Birgə Media Platformasının mahiyyətinə ziddir.

Birgə Media Platformasının məqsədləri

Xatırladaq ki, Birgə Media Platformasının əsas hədəflərindən biri də beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizənin aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılmasıdır.

Türkiyə qurumlarına çağırış

"Əmin olmaq istərdik ki, qardaş ölkənin media və kommunikasiya sahəsində fəaliyyət göstərən müvafiq dövlət qurumları Türkiyənin media mühitində Azərbaycanla bağlı artan dezinformasiya axınının qarşısını almaq üçün izahedici iş aparacaqlar”, – Natiq Məmmədli qeyd edib.

Seçilən
8
17
ulusum.az

10Mənbələr