AZ

Qazaxıstanda beynəlxalq konfransda Azərbaycanda aparılan arxeoloji tədqiqatlar təqdim olunub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 25 sentyabr, AZƏRTAC

Qazaxıstanın Almatı şəhərində “Arxeoloji tədqiqatlarda təbiət elmləri üsullarının tətbiqi” mövzusunda keçirilən beynəlxalq elmi konfransda Azərbaycanı AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov təmsil edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Qazaxıstan, Özbəkistan və Rusiya alimlərinin iştirak etdiyi konfransda Pərviz Qasımovun “Müstəqillik dövründə Azərbaycanda arxeoloji tədqiqatlarda təbiət elmləri üsullarının tətbiqi” mövzusunda məruzəsi dinlənilib. Azərbaycanlı alim müstəqillik dövründə qabaqcıl texnologiyaların, əsasən radiokarbon tarixlənmənin, izotop və genetik araşdırmaların tətbiqi ilə Azərbaycan arxeologiyasına gətirilmiş yeniliklər, əldə edilmiş nəticələr əsasında bəzi hipotezlərin qismən və ya bütünlüklə dəyişilməsindən danışıb. Xüsusilə qədim insan məskənləri olan Azıx və Tağlar mağaralarının tədqiqində Avropa və Yaponiya mütəxəssislərinin iştirakı ilə aparılmış tədqiqatlarda Optik Stimullaşdırılan Lüministsen (OSL), Kosmogenik radionukleid (CRN), biomarker, palaeoproteomiks analizləri üsullarının istifadə edildiyini vurğulayıb. Qeyd edib ki, Arxeologiya və Antropologiya İnstitutu ilə Qarabağ Universiteti arasında imzalanmış əməkdaşlıq sazişinə görə, Azıx Arxeoloji Araşdırma və Analizlər Laboratoriyası təşkil olunmaqdadır.

Konfrans iştirakçıları Qazaxıstan Energetika Nazirliyinin Nüvə Fizikası İnstitutunda fəaliyyət göstərən nüvə reaktoru mərkəzi və nüvə laboratoriyalarında da olublar. Onlar üçün nüvə laboratoriyalarının məhsulları, o cümlədən qədim artefaktların, qədim kitabların, həmçinin arxiv sənədlərinin sterilizə olunmasında istifadə olunan nüvə texnologiyaları nümayiş etdirilib.

Daha sonra beynəlxalq tədbirin iştirakçıları Qazaxıstanın Mərkəzi Dövlət Muzeyində “Arxeologiyada fənlərarası inteqrasiya” sərgisinin açılışına dəvət olunublar. Sərgidə Qazaxıstan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı aşkarlanan artefaktlar, onların təbiət elmləri üsulları ilə təhlili və əldə edilmiş nəticələr təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
azertag.az

1Mənbələr