AZ

Rusiyanın pantürkizm qorxusu: təbliğat, tarixi stereotiplər və geosiyasi reallıqlar

Moskva siyasətçiləri və mediası ardıcıl olaraq pantürkizmi təhlükə kimi qələmə verir, bununla həm öz ictimaiyyətini yönləndirməyə, həm də postsovet məkanındakı tərəfdaşlarını qorxutmağa çalışır. Ən çox da ermənilərin psixoloji narahatlığını gücləndirmək hədəflənir.

RF Dövlət Dumasının deputatı Andrey Qulovoyun paylaşdığı və Rutube platformasında yayımlanan «Pantürkizm» adlı film bu təbliğatın növbəti nümunəsidir.

Filmdə iddia olunur ki, türk birliyi artıq mədəni pərdəni ataraq açıq hərbi müstəviyə keçib və Ankara NATO mexanizmlərinə inteqrasiya olunmuş şəkildə hərəkət edir. Müəllif son illərdə keçirilən birgə hərbi təlimləri, o cümlədən “Anadolu-2025” manevrlərini və “Sərhədsiz qardaşlıq” seriyasını buna sübut kimi təqdim edir. Halbuki, bu təlimlər türkdilli dövlətlərin müstəqil siyasətinin və qarşılıqlı maraqlar əsasında həyata keçirdikləri əməkdaşlığın təzahürüdür. Ankara regionda artan rolunu yalnız güc siyasəti ilə deyil, həm də ortaq təhlükəsizlik modelinin qurulması ilə göstərir.

Film Türkiyənin Bayraktar PUA-larını və digər hərbi texnologiyalarını “təhlükəli asılılıq” kimi təqdim edir. Amma fakt budur ki, bu silahların Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan ordularında istifadəsi bölgədə balans yaradır, müstəqil dövlətlərin müdafiə imkanlarını gücləndirir və Rusiyanın hərbi monopoliyasını zəiflədir. Mərkəzi Asiyada yaradılan servis mərkəzləri isə türk dövlətlərinin öz milli təhlükəsizliyini xaricdən asılı olmadan təmin etmək istiqamətində atdığı addımlardır.

WhatsApp

Müəllifin XIX əsrdən bəri çəkdiyi tarixi paralellər də təbliğat xarakteri daşıyır. Osmanlının Krım müharibəsində aldığı dəstək, Birinci Dünya müharibəsində gənc türklərin silahlandırılması və ya Orta Asiyada basmaçı hərəkatı ilə indiki prosesləri müqayisə etmək yanlış yanaşmadır. Çünki bu gün türk dövlətlərini birləşdirən amil kənar güclərin manipulyasiyası deyil, xalqların öz milli kimliklərinə və ortaq tarixi irsinə əsaslanan əməkdaşlıq istəyidir.

Filmdə türk liseyləri və universitet proqramları da “pantürkist ideologiyanın aləti” kimi qələmə verilir. Halbuki, təhsil və mədəni əməkdaşlıq dünyanın hər yerində tətbiq olunan yumşaq güc vasitəsidir. Türkiyənin Mərkəzi Asiyada açdığı məktəblər və mədəniyyət mərkəzləri rus dilinin və rus məktəblərinin uzun illər regionda oynadığı rola alternativdir. Bu, postsovet məkanında balansı bərpa edir və xalqların öz ana dillərində təhsil almasına, türk kimliyini yaşatmasına imkan yaradır.

Rusiyanın bütün bu narahatlığı əslində bir həqiqəti üzə çıxarır: Moskva postsovet məkanında təsir imkanlarını sürətlə itirir və türkdilli dövlətlərin müstəqil siyasətini qəbul etməkdə çətinlik çəkir. Pantürkizmin “təhlükə” kimi təqdim olunması, əslində Rusiyanın öz zəifləyən mövqeyinin etirafıdır. Türk dövlətlərinin əməkdaşlığı nə anti-rus blokudur, nə də hansısa xarici gücün diktəsi ilə formalaşır. Bu proses türk dünyasının tarixi yaddaşına, ortaq mədəniyyətinə və müstəqil dövlətlər kimi regional maraqlarına əsaslanır.

Rusiyanın təbliğat filmləri isə sadəcə olaraq daxili auditoriyanı qorxutmaq və müttəfiqləri panikaya salmaq üçün nəzərdə tutulur. Lakin fakt odur ki, türk dövlətlərinin birliyi artıq reallıqdır və bu birlik hərbi, siyasi, iqtisadi və mədəni sahələrdə günü-gündən möhkəmlənir. Moskvanın yaratdığı “təhlükə obrazı” isə yalnız özünün itirilən təsir imkanlarının əksi kimi qəbul edilməlidir.

Musavat.com

Seçilən
9
1
editor.az

2Mənbələr