AZ

Bakıda taksilərlə bağlı qərar dəyişə bilər Mühüm bəyanat

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı aeroportunda taksi xidməti ilə bağlı yeni tarif siyasəti yenidən müzakirə yaradıb. Buna səbəb Ombudsman Aparatının apardığı monitorinq olub. Qurumdan bildirilib ki, taksi xidməti ilə bağlı qaydalar sərnişinlərin seçim imkanlarını məhdudlaşdırır, sürücülərə iqtisadi zərər vurur və rəqabət prinsiplərinə uyğun gəlmir. 

Sitat: “Tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir”.

Məlumata görə, aidiyyəti dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı müraciət ünvanlanacaq.

Mövcud vəziyyətdə taksilərlə bağlı tətbiq edilən yeni tarif siyasətinin davamlılığı mümkündürmü? Ombusdman Aparatının açıqlaması məsələyə necə təsir edə bilər?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, Konstitusiyanln qeyd edilən maddəsi ilə hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, ayrı-seçkiliyə yol verilməməsi təsbit olunur:

“Yeni tarif siyasəti yalnız müəyyən şirkətlər və ya qruplar üçün əlverişli şərait yaradır, digərlərini isə fəaliyyətdən kənarlaşdırırsa, bu, bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilir. Eyni zamanda, Konstitusiyanın 59-cu maddəsinə görə, hər kəsin azad sahibkarlıq fəaliyyəti hüququ var. Dövlətin sahibkarlıq fəaliyyətinə əsassız müdaxilə etməsi, süni məhdudiyyətlər tətbiq etməsi, sahibkarların sərbəst qiymət qoyma imkanını məhdudlaşdırması bu hüququn pozulması hesab edilir. Bununla yanaşı, Rəqabət Məcəlləsi bazarda inhisarçılığın, rəqabətin məhdudlaşdırılmasının, sahibkarlar arasında ayrı-seçkiliyin qarşısını almaq məqsədi daşıyır.

Əgər tarif siyasəti rəqabəti sıradan çıxarır, sərbəst bazar mexanizmini məhdudlaşdırır və yalnız müəyyən daşıyıcılara üstünlük verirsə, bu da birbaşa olaraq Məcəllənin tələblərinə ziddir. Bütün bu hüquqi arqumentlər nəzərə alındıqda, hava limanında tətbiq edilən yeni tarif siyasətinin davamlılığı və qanuniliyinin ciddi şübhə altında olduğu görünür. Belə bir qaydanın uzunmüddətli tətbiqi həm Konstitusiya, həm də Rəqabət Məcəlləsi baxımından hüquqi cəhətdən dayanıqlı hesab edilə bilməz”.

Ellada Bayramova

Hüquqşünas qeyd edib ki, Ombudsman aparatı hüquqi baxımdan normativ aktları və ya inzibati qaydaları birbaşa ləğv etmək səlahiyyətinə malik deyil:

“Lakin verdiyi rəy dövlət orqanları, məhkəmələr və ictimaiyyət üçün mühüm hüquqi-siyasi təsir gücünə malikdir. Ombudsman bu məsələni Milli Məclis və Konstitusiya Məhkəməsinə çıxara, hökumət orqanlarına – Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi və Antiinhisar qurumlarına müraciət edə, həmçinin qanun pozuntularını ictimaiyyətə çatdıraraq qərar verən qurumlara əlavə təzyiq göstərə bilər. Bu səbəbdən sözügedəb açıqlama birbaşa qaydanı dəyişməsə də, məsələyə hüquqi müdaxiləyə real təkan verir. İnzibati məhkəməyə müraciət əsasında tarif qaydalarının qanunsuzluğu barədə iddia qaldırmaq mümkündür. Paralel olaraq, iqtisadi məhkəməyə müraciətlə sahibkarlıq hüquqlarının pozulması və çəkilən zərərin ödənilməsi tələbi irəli sürülə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edərək Rəqabət Məcəlləsinin pozulması ilə bağlı müraciət edilə bilər”.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan sərnişindaşımaların həyata keçirilməsi ilə bağlı yeni qaydalar qəbul edilib. Nəticədə hava limanından sərnişindaşımalar yalnız bu qaydalara tam cavab verən taksilər vasitəsilə həyata keçirilir. Taksi operatorlarının mobil tətbiqlərində hava limanına aid xüsusi sifariş kateqoriyaları yaradılıb. Bu kateqoriya üzrə qiymətlər isə yüksəkdir. Belə ki, aeroportdan şəhərə daşımalar 5-6 manatdan başlayır. 3-25 kilometr məsafələr üçün hər kilometrə görə ödəniş 80-95 qəpik, 26 kilometr və daha uzun məsafələrdə isə 70 qəpik təşkil edir. Əlavə olaraq, hava limanı ərazisində yeni taksi terminalı quraşdırılıb və bu terminal vasitəsilə taksi sifarişlərinə xüsusi tariflər tətbiq olunur ki, həmin tariflər də 20-30 manat arasında dəyişir. Qiymətlərin belə olması isə, vətəndaşların ciddi narazılığına səbəb olub.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
globalinfo.az

4Mənbələr