AZ

Deputat: ABŞ-də Azərbaycan qlobal proseslərin iştirakçısı kimi təqdim edilir

BAKI, 25 sentyabr. TELEQRAF

Prezident İlham Əliyevin BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorka həyata keçirdiyi səfər, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, güclənən mövqelərinin və strateji tərəfdaşlıqlarının bariz göstəricisidir.

Bunu Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev BMT-nin 80-ci sessiyasına məhz qurumun işlək olmayan mexanizmlərini öz gücü hesabına təmin edən lider kimi qatılır: “Bu reallıq prinsip etibarilə münaqişələrdən, işğaldan əziyyət çəkən dövlətlər üçün strateji yol xəritəsidir. Səfər çərçivəsində ölkə başçısının görüşləri və apardığı müzakirələr ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, eyni zamanda qlobal çağırışlara münasibətdə Bakının prinsipial mövqeyini ortaya qoyur. Xüsusilə, beynəlxalq təhlükəsizlik, enerji və iqlim dəyişmələri ilə bağlı səsləndirilən fikirlər Azərbaycanı regional lider, qlobal proseslərin fəal iştirakçısı kimi təqdim edir”.

Sədr müavini hesab edir ki, dünyanın aparıcı maliyyə və investisiya qurumlarının rəhbərləri ilə baş tutan görüşlər Azərbaycanın iqtisadi imkanlarının beynəlxalq investorlar tərəfindən diqqətə alındığının göstəricisidir: “Çünki, Vaşinqton görüşündən sonra regionda artıq təhlükəsiz, əlverişli və perspektivli geoiqtisadi mühit formalaşır və situasiya ölkəmizə investisiya axınını təmin etməyə stimul verir.

Bu fakt bir daha sübut edir ki, Azərbaycan həm siyasi, həm də iqtisadi müstəvidə etibarlı tərəfdaş kimi beynəlxalq platformalarda tanınır və qəbul edilir”.

“Ən önəmlisi isə, bu səfər zamanı ölkəmizin suverenliyi, ərazi bütövlüyü və tarixi ədalətin bərpası istiqamətində həyata keçirilən siyasətin qətiyyətlə davam etdirildiyi bütün dünyaya nümayiş etdirildi. Azərbaycan artıq yalnız regional deyil, qlobal müstəvidə də söz sahibinə çevrilib. Dövlətimizin başçısı beynəlxalq arenada göstərdiyi diplomatik iradə və uzaqgörən siyasətlə fəxr edir, bu möhtəşəm fəaliyyətin xalqımızın rifahı və dövlətimizin gələcəyi üçün yeni perspektivlər açacağına əminik”, - Günay Ağamalı qeyd edib.

Seçilən
16
teleqraf.com

1Mənbələr