AZ

"Azərbaycan xalqı heç zaman şəhidlərini unutmayacaq" - Deputat

27 sentyabr 2020-ci il tarixində Ermənistanın silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi azad edərək tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etdi.

44 Günlük Vətən Müharibəsi Azərbaycan tarixinin ən mühüm və şərəfli səhifələrindən biridir. Bu savaş Azərbaycan xalqının iradəsini, birliyini və ərazi bütövlüyü uğrunda mübarizəsini bir daha bütün dünyaya göstərdi. Müharibənin nəticələri region üçün yeni mərhələnin başlanğıcını qoydu və Azərbaycanın gələcək inkişafı üçün mühüm zəmin yaratdı.

Vətən müharibəsində Azərbaycan xalqı birlik, həmrəylik və milli ruh nümayiş etdirərək, düşmənin layiqli cavabını vermişdir. Minlərlə igid oğullarımız bu yolda şəhidlik zirvəsinə ucaldı, on minlərlə qazimiz mübarizənin canlı şahidinə çevrildi. Onların göstərdiyi rəşadət və vətənpərvərlik gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsi oldu.

2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən Müharibəsi yalnız bir hərbi qələbə deyil, həm də Azərbaycan xalqının mübarizə iradəsinin, vətən sevgisinin və birliyinin simvoludur. Bu müharibənin ən qiymətli və müqəddəs səhifəsi isə şəhidlərimizin və qazilərimizin, yəni müharibənin canlı qəhrəmanlarının tarixə yazdığı şərəfli izlərdir.

Şəhidlik Azərbaycan xalqı üçün hər zaman müqəddəs bir anlayış olub. 44 günlük müharibə zamanı minlərlə igid oğul vətənin bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmışdır. Bu şəhidlər Azərbaycanın gələcəyi, torpaqlarımızın azadlığı və xalqımızın qüruru üçün əbədi yaşayacaqlar.

Şəhidlik zirvəsi qədər müqəddəs olan digər bir məqam isə veteranlıq, yəni müharibədən sağ çıxmış, lakin həyatını və sağlamlığını bu mübarizəyə həsr etmiş insanlarımızdır. Onlar bu gün də xalq arasında hörmət və ehtiramla qarşılanır.

44 günlük Vətən Müharibəsinin şəhidləri və qaziləri yalnız bir döyüşün deyil, bütöv bir xalqın taleyinin qəhrəmanları oldular. Onlar sayəsində Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoydu, tarixi ədaləti bərpa etdi və yeni reallıqlar yaratdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, hər il 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd olunur. Bu gün, 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin anıldığı gündür.

Bu gün dövlətimiz şəhid ailələrini yüksək səviyyədə dəstəkləmək məqsədilə maddi, sosial və psixoloji yardım proqramları həyata keçirir. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamı ilə  Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlanmış və tikinti işlərinə başlanılmışdır.

Müharibə dövründə bədən əzalarını itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 18 mindən yuxarı hərbiçi öhdəliyə götürülmüşdür.

Bu gün bütün ölkə boyu şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir, onların qəhrəmanlıq dastanı müxtəlif tədbirlərdə, abidələr önündə, təhsil müəssisələrində, dövlət və özəl qurumlarda qeyd olunur. Azərbaycan cəmiyyəti şəhid və qazilərə dərin ehtiram bəsləyir. Hər bir şəhərdə şəhid bulaqları, xatirə lövhələri, şəhidlərin adını daşıyan məktəblər və parklar yaradılır. Məktəblərdə və universitetlərdə gənc nəsilə vətənpərvərlik ruhunun aşılanmasında şəhid və qazilərin həyat yolu örnək kimi göstərilir.

Azərbaycan xalqı heç zaman şəhidlərini unutmayacaq. Onların qanı bahasına qazanılmış bu Zəfər, müstəqilliyimizin və dövlətçiliyimizin əbədi simvoluna çevrilmişdir.

Şəhidlər və qazilər Vətən Müharibəsinin əsl qəhrəmanlarıdır. Onların fədakarlığı sayəsində bu gün azad Qarabağ var. Bizim borcumuz bu qəhrəmanların adını uca tutmaq, onların ailələrinə sahib çıxmaq və gələcək nəsillərə vətənə sevgi, şəhidə ehtiram, qaziyə minnətdarlıq hissini aşılamaqdır.

Pərvanə VəliyevaMilli Məclisin deputatı

Seçilən
8
4
missiya.az

7Mənbələr