Premyer Liqanın debütantı “Karvan-Yevlax”da işlər qaydasında getmir.
Mövsümə 2 oyunda qazandığı 4 xalla başlayan bölgə təmsilçisinin rəqiblərinə başağrısı olacağı güman olunsa da, sonrakı matçlar müəyyən şübhələrə yol açdı.
“Qarabağ”la dueldə 0:2 hesablı yenilgini hardasa başa düşmək olardı. “Şamaxı”yla “İmişli”yə 0:3 hesablı darmadağınlar sözün əsl mənasında təəccübləndirdi.
“Karvan-Yevlax” 3 oyunda buraxdığı 8 topun qarşılığında rəqib qapılarına 1 dəfə də olsun yol tapa bilməyib.
Məlum vəziyyətə görə ayrı-ayrı futbolçuların kobud səhvlərini qabartmaqla yanaşı,bir çox oyunçuların ustalıq səviyyəsinin elitaya uyğun gəlmədiyini deyə bilərik. Qapı bir dərd, hücum onun kimi. Müdafiə lap betər.
Uğursuzluğun altında gizlənən əsl səbəb başqadır – kollektivdəki gərginlik və inamsızlıq.
Bölgə təmsilçisinin şərəfini qoruyanların klub rəhbərliyindən lazımi dəstək görməməsi daxildə ciddi narazılığa səbəb olub.
Məsələn, digər debütant “İmişli” başbilənlərdən sözün əsl mənasında dəstək görür. Rəhbərlik komanda ilə yaxından maraqlanır, problemlərin həlli yönündə çaba göstərir.
Hətta “Sumqayıt”la görüşdəki texniki məğlubiyyətə görə hüç kimə “gözün üstə qaçın var” deyilmədi. Əksinə, birlik və dəstək göstərdilər ki, komanda psixoloji gərginlik yaşamasın.
Cavabı nə oldu? “Karvan-Yevlax”a 3 cavabsız top və hava-su kimi vacib 3 xal.
Yevlaxlılar rəqiblərini doğma şəhərdə qəbul edə bilməməsinə görə üzgündür. Mövsümün əvvəlində “qaçqın həyatı”nın müvəqqəti xarakter daşıdığı bildirilsə də, qazonun yeniləınməsi hələ də vaxt aparır.
Maliyyə çatışmazlığı üzündən işi yekunlaşdırmaq mümkün olmayıb. Və nə vaxt başa çatacağı da bilinmir. Futbolçular Yevlaxda, 2-3 min azarkeşin dəstəyi altında oynamaq istəyir.
Komanda məşqlərini şəraitsiz meydanda keçir. Ora meydan demək mümkündürsə.
İçməli su nədir ki, vaxtında çatdırılmır. Bazada zaman-zaman işıqlar sönür. Legionerlər asudə vaxtlarını səmərəli keçirmək üçün gecə-gündüz düşünür.
Gözlə görünməyən problemlər xirtdəyə qədərdir. Rəhbərliyin komandanın arxasında dayanıb, hər imkanda çətinlikləri aradan qaldırmaq yönündə çaba göstərməməsi kollektivin ürəyincə deyil.
Futbolçunun rahatlığı yoxdursa, futboldan başqa hər şeyi fikirləşirsə, on(lar)dan nəticə tələb etməyin adı yoxdur.
HƏBİB / SPORTİNFO.AZ