AZ

“Kəndləri dağıdır, onları terrora məruz qoyurduq”

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi bu ölkənin müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın mətbuata müsahibəsinin sübut kimi tədqiq olunması ilə davam etdirilib.

"Cebheinfo.az" xəbər verir ki, müsahibədə M.Qriqoryan Ermənistanın keçmiş prezidentləri - Robert Koçaryan və Serj Sarkisyanın Azərbaycan ərazilərinin vaxtilə işğal edilməsində iştirakından da danışıb.

O, Ermənistandan yüksəkrütbəli hərbçilər, general və polkovniklərin həmin vaxt işğal altında olan Azərbaycan ərazilərində hərbi bölmələr yaratmaq üçün göndərildiyini də söyləyib. Generallardan birinin isə adını çəkərək onun Gümrüdən gəlmiş Artuşa olduğunu deyib.

Manvel Qriqoryan azərbaycanlıların qətlə yetirildiyini, kəndlərin talan edildiyini də etiraf edib: “Başladıq türklərin kəndlərini tutmağa. Girib kəndləri dağıdırdıq, məhv edirdik. Onlara (azərbaycanlılara - red.) qarşı terror əsdirirdik, onları terrora məruz qoyurduq”.

M.Qriqoryan Ermənistan silahlı qüvvələrinə məxsus briqadanın komandiri olmasından da bəhs edib. Bildirib ki, bununla əlaqədar Ermənistana çağırılıb, müdafiə naziri Vazgen Manukyanın əmri ilə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə göndərilib. Bundan sonra Azərbaycanın Füzuli rayonunun 47 kəndini işğal ediblər.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.

"Cebheinfo.az" 

Seçilən
11
25
cebheinfo.az

10Mənbələr