AZ

ASELSAN, BIST 100 indeksində bazar dəyəri 1 trilyon lirəni keçən ilk şirkət oldu

ASELSAN, “Borsa İstanbul” (BIST 100) indekslərinə daxil olan şirkətlər arasında bazar dəyəri 1 trilyon Türkiyə lirəsini keçən ilk şirkət olub.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, birjada qısa və orta müddətli qlobal risklərin azalması və Türkiyə Mərkəzi Bankının faiz endirimi istiqamətinə bağlı olaraq yüksəliş davam edir.

Bildirilib ki, qlobal bazarlarda ABŞ Federal Ehtiyat Sisteminin (Fed) faiz endiriminə başlaması ilə risk iştahı artarkən, daxili bazarlarda iqtisadi idarəetmənin atdığı addımların müsbət təsirləri izlənilir. Daxildə aparılan dezinflasiya prosesindəki müsbət dinamika və Fed-in yenidən faiz endirimi dövrünə başlaması, BIST 100 indeksindəki yüksəlişi dəstəkləyib. Bu müddətdə “Borsa İstanbul”da BIST 100 indeksi 26 avqustda 11.605,30 xalla rekord qırıb.

Türkiyənin xarici siyasətdə atdığı təsirli addımlar da daxili bazarda risk iştahını artıraraq yüksəlişi dəstəkləyib.

İxrac yönümlü strategiya həyata keçirən ASELSAN-ın bu müddətdəki performansı diqqət çəkib.

ASELSAN səhmlərinin qiyməti 2025-ci ilə 72,50 lirədən başlayıb. Sonrakı aylarda yüksələn səhmlərin qiyməti bu gün etibarilə 220,80 lirəyə çatıb. Beləliklə, ASELSAN, “Borsa İstanbul” indekslərində yer alan şirkətlər arasında bazar dəyəri 1 trilyon lirəni keçən ilk şirkət olmağı bacarıb.

İxrac yönümlü böyümə strategiyasını qətiyyətlə davam etdirən ASELSAN, 2024-cü ildə tətbiqinə başladığı aselsaneXt proqramı ilə güclü inkişaf yüksəlişi qazanıb.

ASELSAN-ın baş direktoru Ahmet Akyolun 2024-də açıqladığı aselsaneXt visionu çərçivəsində şirkətin üç əsas hədəfi mövcuddur: öz sahəsində ən yaxşı məhsulları istehsal etmək; oyun dəyişdirən texnologiyaları inkişaf etdirmək; ixrac yönümlü böyüməni təmin etmək.

ASELSAN, 2030-cu ildə dünya miqyasında müdafiə sənayesinin ilk 30 şirkəti arasında yer almaq üçün çalışır. Şirkət, Türkiyədə müdafiə texnologiyalarının inkişafı və transformasiyasında aparıcı rol oynayır. Eyni zamanda, ASELSAN, “Borsa İstanbul”da ən yüksək bazar dəyərinə sahib şirkət mövqeyindədir.

Son illərdə dünyada investor marağı ənənəvi istehsal edən sənaye şirkətlərindən çox texnologiya inkişaf etdirən və bunu yüksək əlavə dəyərli məhsullara çevirə bilən şirkətlərə yönəlib.

Qlobal birjalarda da böyümə potensialı ən yüksək olan şirkətlər əsasən texnologiya əsaslı firmalardan ibarətdir. Müdafiə sənayesində də oxşar tendensiya yaşanır. Artıq yalnız silah istehsal edən və ya ənənəvi müdafiə məhsulları təqdim edən şirkətlər deyil, həm də müdafiə texnologiyası inkişaf etdirən şirkətlər investorlar tərəfindən daha çox dəyər qazanır.

ASELSAN da Türkiyədə bu transformasiyanın ən güclü təmsilçisi mövqeyindədir.

AESA texnologiyasına sahib yeni nəsil radarlar, elektro-optik sistemlər, elektron müharibə vasitələri, süni intellekt dəstəkli sistemlər kimi yüksək texnologiya sahələrində istehsal həyata keçirən ASELSAN dünyada yalnız bir neçə şirkətin bacardığı məhsullar istehsal edir.

Bu məhsullara MURAD AESA radarı, ASELFLIR-600 kəşfiyyat, müşahidə və hədəfləmə sistemi, uzun mənzilli hava hücumundan müdafiə sistemləri və radarlar misal göstərilə bilər.

ASELSAN daha çox texnologiya istehsal etmək və texnoloji dərinliyini artırmaq üçün hər il tədqiqat-inkişaf (Tə-İn) xərclərini artırır. Şirkətin 2020-ci ildə 500 milyon dollar olan Tə-İn xərci 2024-cü ildə 1 milyard dollara yaxınlaşıb.

Türkiyənin ən qabaqcıl texnologiyaları inkişaf etdirən qurumu olan ASELSAN yalnız bu günün deyil, gələcəyin təhlükəsizlik ehtiyaclarını da qarşılayacaq infrastruktur qurur.

Türkiyənin kiloqram başına ixrac dəyəri 1.5 dollar, müdafiə sənayesində isə 60 dollar olduğu halda ASELSAN-ın bəzi məhsullarında bu göstərici 20 min dolları keçir. Bu, ASELSAN-ın texnoloji dərinliyini göstərən təsirli göstəricidir.

İnvestorların ASELSAN-a maraq göstərməsinin səbəbləri arasında şirkətin texnologiyaya əsaslanan istehsal gücü, davamlı Tə-İn yanaşması və regional çəkindiriciliyi artıran sistemlər inkişaf etdirmə qabiliyyəti ön plana çıxır.

Risk dövrlərində belə texnoloji həll təqdim edə bilən şirkətlərə yönələn investorların seçim profili nəzərə alındığında, ASELSAN-ın bu profilə tam uyğun olduğu görünür.

Yüksək texnologiya ilə müdafiəni formalaşdıran, sülhü qoruma visionu ilə məhsullar istehsal edən ASELSAN, bu xüsusiyyətləri sayəsində xarici investorları özünə cəlb etməyi bacarır.

ASELSAN-ın səhmləri, 2024-cü ilin əvvəlindən indiyə qədər investoruna dollar ekvivalentində 247% gəlir qazandırıb. Eyni dövrdə “Dow Jones” müdafiə indeksinin gəliri 61% olub. Beləliklə, ASELSAN mövcud şəraitin dəstəyindən daha artıq performans göstərərək xarici müdafiə şirkətlərindən müsbət şəkildə fərqlənib.

Şirkətin maliyyə göstəricilərinə baxıldığında, ASELSAN-ın gəlirləri 2022-2024 dövründə 25% artıb. Bu artım 2024-cü ildə 13% olub.

Şirkətin ixracı isə bu dövrdə 304 milyon dollardan 508 milyon dollara yüksəlib. ASELSAN-ın xalis mənfəəti 2023-də 10.5 milyard lirə ikən, 2024-də 45% artışla 15.2 milyard lirəyə çatıb.

ASELSAN, bu ilin ilk yarısında gəlirlərini 11% artıraraq 53.7 milyard lirəyə çatdırıb. Eyni dövrdə xalis mənfəəti 30% artaraq 6.4 milyard lirə olub.

ASELSAN keçmiş illərdə illik ortalama 2 milyard dollar dəyərində müqavilə imzalayarkən, 2023-cü ildə bu rəqəm 5 milyard dollar, 2024-cü ildə isə 6.5 milyard dollar olub. 2025-ci ilin ilk 6 ayında isə 2.8 milyard dollarlıq yeni müqavilə imzalanıb.

Şirkətin ixrac müqavilələri illik ortalama 350 milyon dollar səviyyəsində ikən, bu rəqəm 2023-cü ildə 600 milyon dollar, 2024-cü ildə isə 1 milyard dollar təşkil edib. 2025-ci ilin ilk yarısında isə 1.3 milyard dollarlıq yeni ixrac müqavilələri imzalanıb.

ASELSAN-ın balans sifarişləri 16 milyard dollarla tarixi zirvəyə çatıb. Bu ilin ilk yarısında şirkətin ümumi mənfəət marjası 32%, EBITDA marjası (faiz, amortizasiya və vergidən əvvəlki mənfəət) 25% olub. 2022–2024 dövründə isə investisiya xərclərində 27% artış baş verib.

2024-cü ildən etibarən seriyalı istehsal infrastrukturunu gücləndirmək üçün qoyulan sərmayələr 100 milyon dollardan 250 milyon dollara yüksəlib.

ASELSAN, yaxın dövrdə Türkiyə Cumhuriyyətinin tarixində bir dəfədə ən böyük müdafiə sərmayəsini açıqlayaraq qlobal oyunçu olma yolunda mühüm addım atıb. 1.5 milyard dollarlıq “Oğulbey Teknoloji Üssü” sərmayəsi ilə ASELSAN yeni mərkəzində “Polad Qübbə” (ÇELİKKUBBE) layihəsinin komponentlərini istehsal edəcək.

ASELSAN, BIST Davamlılıq 25 İndeksində də zirvədə yer alır.

Seçilən
0
poliqon.az

1Mənbələr