AZ

Ülkər Səttarova: Əsas məsələ elmi fəaliyyət və tədqiqat sahəsində əməkdaşlığın qurulmasıdır

BAKI, 25 sentyabr. TELEQRAF

“Son iki gündə müzakirələrdə əsas diqqət yüksək təhsildə əməkdaşlıq məsələsinə yönəlib. Bu sahədə müəyyən uğurlar əldə olunub və başlanılan işlərin davam etdirilməsi vacibdir”.

Teleqraf xəbər verir ki, bunu "THE Avrasiya Universitetlərinin Sammiti"nin sonuncu günündə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

O bildirib ki, əsas məsələ elmi fəaliyyət və tədqiqat sahəsində əməkdaşlığın qurulmasıdır:

“Bu, daha mürəkkəb prosesdir. Azərbaycan üçün mühüm məsələlərdən biri müxtəlif ölkələrlə, xüsusilə Mərkəzi Asiya, Avropa və Qərb ölkələri ilə güclü elmi əlaqələrin yaradılmasıdır. Bu, böyük bir çağırışdır. Universitetlərimizin Times Higher Education reytinqində mövcud vəziyyəti göstərir ki, hələ üzərində işlənməli sahələr var. Xüsusilə digər ölkələrin müəllifləri ilə birgə nəşr olunan məqalələrin sayının az olması zəif tərəfimizdir”.

Ü.Səttarova qeyd edib ki, bu məqamda yüksək impakt faktorlu jurnallarda dərc olunan elmi məqalələr vacibdir:

“Lakin daha mühüm məsələ beynəlxalq əməkdaşlıq əsasında hazırlanan birgə məqalələrin çoxalmasıdır. Çünki belə işlər həm tədqiqatın keyfiyyət göstəricisidir, həm də həmin məqalələr daha çox sitat alır və elm ictimaiyyətində geniş istinad olunur. Hazırda bizim üçün əsas məqsəd ciddi elmi fəaliyyət istiqamətində güclü körpülər qurmaqdır”.

Seçilən
34
teleqraf.com

1Mənbələr