Azərbaycan əsilli iş adamı Maiz Məmmədov Novosibirsk vilayətinin Qanunvericilik Məclisinə keçirilən seçkilərdə ardıcıl üçüncü dəfə qalib gəlib.
60 yaşlı Məmmədov 14 saylı dairəni – İskitim, Maslyanino və Çerepanovo rayonlarını – təmsil edərək 21,9 min seçicinin dəstəyini qazanıb. Onun nəticəsi regionda ən yüksək göstəricilərdən biri olub və yalnız 2001-ci ildən bəri mandat qazanan spiker Andrey Şimkivdən geri qalıb.
Məmmədov 1986-cı ildə Azərbaycandan Novosibirska köçüb. O, yerli tikinti sektorunda fəaliyyət göstərən “Birinci Tikinti Fondu” konsorsiumuna rəhbərlik edir, Novosibirsk Memarlıq və Tikinti Universitetinin Himayədarlar Şurasının üzvüdür və Rusiya-Azərbaycan evinin təsisçilərindən biridir. O, həmçinin vilayət parlamentinin əvvəlki çağırışında sədr müavini olub və bu ilin iyununda Rusiyanın “Vətənə xidmətlərə görə” II dərəcəli ordeni ilə təltif edilib.