AZ

Zirvədən öncə qalmaqallı açıqlama: ‘Məsələ F-16 yox, legitimlikdir’

ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack, Nyu-Yorkda keçirilən bir tədbirdə Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğanla bağlı diqqətçəkən şərhlər edib. Bu açıqlamalara ilk reaksiya CHP-dən gəlib.

News365.az xəbər verir ki,Barrack 24 sentyabrda “Diplomatiyanın Səsləri: Amerikanın Dünyadakı Rolunu Formalaşdırmaq” adlı paneldə çıxış edərək S-400, F-35 və F-16 kimi mövzuları xatırladıb: “10 ildir eyni məsələlərlə məşğuluq” deyib.

BBC Türkçənin xəbərinə görə, Barrack çıxışında Donald Trampın iki ölkə arasında mübahisəli mövzuları aşmaq üçün yeni yanaşma ortaya qoyduğunu bildirib:

"Prezident ‘Bundan bezdim, münasibətlərdə cəsarətli addım ataq və ehtiyacı olanı verək’ dedi”.

Barrack deyib ki, Tramp “ona nə lazımdır?” sualına “legitimlik” cavabını verib:

"Məsələ sərhədlər, S-400 və ya F-16 deyil, məsələ legitimlikdir”.

O, Türkiyənin ABŞ-ın “ən güclü NATO müttəfiqi” olduğunu vurğulayıb, amma buna baxmayaraq Ankaranın Avropa Birliyinə qəbul edilmədiyinə diqqət çəkib.

“[Ərdoğan] 71 yaşına gəldi. [Türkiyə] demokratiyadır, amma avtoritar kimi görünür. Tramp dahicəsinə ‘ona legitimlik verməliyəm’ dedi. İndi bu baş verir. Məncə nəticəsində böyük dəyişikliklər görəcəyik”.

Barrack həmçinin Türkiyənin “dünyada ən çox F-16 alan ölkə” olduğunu deyib və bunun Lockheed şirkətini ayaqda saxladığını bildirib. “Biz isə onu bloklayıb F-35 verməyə çalışırıq” deyib.

CHP-nin Xarici Siyasət Koordinatoru prof. İlhan Uzgel sosial mediada buna reaksiya verib:

“Demək ki, Ərdoğan–Tramp münasibətlərində əsas məsələ Ərdoğanın ‘legitimlik’ ehtiyacının ödənməsiymiş. Məsələ F-16, F-35 deyilmiş. Bizim üçün isə məsələ məhz Türkiyənin təhlükəsizliyi, maraqları və vətəndaşlarımızın rifahıdır. Legitimliyin mənbəyi yalnız və yalnız xalqımızdır”.

CHP açıqlamasında əlavə edib ki, “Türkiyə bölgədə ən güclü aktor olmalı və ona uyğun rəftar görməlidir. Dəyərimiz sadəcə bir Amerika şirkətinin müştərisi olmaqdan irəli gəlməməlidir”.

Partiya xalqın dəstəyi ilə əyilməyən, ağıllı və prinsipial diplomatiya vəd etdiyini bildirib.

Seçilən
7
news365.az

1Mənbələr