AZ

Bu il iqtisadi artım ötən ildən 2 dəfə az olacaq - Avropa Bankından Azərbaycanla bağlı maraqlı proqnoz

Azərbaycanın İqtisadiyyat Nazirliyi ölkəmizdə iqtisadi artımı 2026-cı ildə 2.9 % səviyyəsində proqnozlaşdırsa da, nüfuzlu beynəlxalq maliyyə qurumlarının proqnozları bir qədər fərqlidir. 

Hurriyyet.az xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının sentyabr ayına olan “Regional iqtisadi perspektivlər” icmalında Azərbaycana dair proqnozlar da yer alıb. 

Orada deyilir ki, 2024-cü ildə 4.1 faiz olan Azərbaycanın iqtisadi artımı 2025-ci ilin ilk yarısında 1.5 faizə qədər zəifləyib. Buna səbəb karbohidrogen hasilatının 3.1 faiz azalmasıdır. Eyni zamanda bildirilir ki, tikinti, ticarət və turizm tərəfindən dəstəklənən qeyri-neft fəaliyyəti 3.8 faiz artıb.

İcmalda deyilir ki, Azərbaycanda inflyasiya 2024-cü ildə orta hesabla 2.2 faizdən 2025-ci ilin ilk səkkiz ayında 5.6 faizə yüksəlib. Bu da əsasən ərzaq və xidmət qiymətlərinin bahalaşması ilə bağlıdır. Qeyd olunur ki, 2025-ci ilin iyulunda Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 25 baza bəndi azaldaraq 7.0 faizə endirib, bununla da 2023-cü ilin sonundan bəri ümumi yumşalma 200 baza bəndinə çatıb. Halbuki inflyasiya hədəf diapazonunun (4 faiz ±2) yuxarı həddinə yaxınlaşıb.

Qeyd olunur ki, Azərbaycanda maliyyə və xarici dayanıqlılıq güclü olaraq qalır. Dövlət büdcəsi 2025-ci ilin ilk yarısında ÜDM-in 4.4 faizi həcmində profisitlə icra olunub ki, bu da 2024-cü illə müqayisədə bir qədər aşağıdır. Bununla belə, gəlirlər və neft qiymətləri büdcə proqnozlarını üstələyib. Xarici valyuta ehtiyatları 2025-ci ilin ortalarında 78.8 milyard ABŞ dollarına çatıb və üç ildən çox idxalı ödəmək gücündədir. Nəticədə “Moody’s” 2025-ci ilin iyununda Azərbaycanın suveren reytinqini Baa3 səviyyəsinə yüksəldib və ölkənin fiskal dayanıqlığını vurğulayıb.

Proqnozlara görə, 2025-ci ildə real ÜDM 2 faiz, 2026-cı ildə isə 2.5 faiz artacaq. Bu, o deməkdir ki, iqtisadi artım ötən illə müqayisədə iki dəfə az olacaq. 

Bildirilir ki, enerji qiymətlərində dəyişkənlik, qlobal ticarətdə qeyri-müəyyənlik və regional geosiyasi gərginlik əsas risklər olaraq qalır. Potensial üstünlüklər isə Aİ ilə enerji sahəsində əməkdaşlıq, Orta Dəhlizin genişlənməsi və ABŞ-nin dəstəklədiyi Ermənistanla sülh çərçivəsindən irəli gəlir ki, bu da yeni ticarət marşrutlarını açaraq investor inamını gücləndirə bilər.

“AzPolitika.info”

Seçilən
6
2
hurriyyet.az

4Mənbələr