Tanınmış şair, professor Vüqar Əhmədlə Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva arasında qovğa davam edir. V.Əhməd mütəmadi olaraq, sosial şəbəkələr və mediada şöbə müdirindən olan narazılığını müxtəlif formalarda dilə gətirir.
Mənzər çapdı-taladı,
Nazirliyə bəladı,
Topdağıtmaz qaladı,
İrinləmiş yaradı.
***
Saymır nazir Adili,
Uzanıb yaman dili,
Həyasızdır bu dəli,
Hamı tanır Mənzəri.
***
Çoxdur mülkü, evləri,
Yoxdur onun bənzəri,
Rəqs eləyir “Mənzəri”
Hamı tanır Mənzəri.
***
Qoyub bizə qadağa,
Mənzərdən icazəsiz.
kimsə getmir qabağa.
Hamı tanır Mənzəri.
***
Güvənirdik Nazirə,
Bu da köhnənin tayı.
Görmür Günəşi, Ayı,
Hamı tanır Mənzəri.
***
“Dəmir Yumruq” hardasan?
Son qoy bu haqsızlığa,
Zülm çəkir çox insan,
Hamı tanır Mənzəri.
***
Mənzər qanmır hörməti,
Hey toplayır sərvəti,
Susdura bilməyəcək,
Şair Vüqar Əhmədi.

Editor.az xatırladır ki, ötən ilin sentyabr-oktyabr aylarında bir sıra tanınmış sənət adamları – müğənni Nura Suri, xanəndələr Pərviz Qasımov və Almaxanım Əhmədli, şair Vüqar Əhməd və kamança ifaçısı Şəhriyar Musayev – Mənzər Nurəliyevanın fəaliyyəti ilə bağlı ciddi narazılıqlarını ifadə etmişdilər. Onlar bildirmişdi ki, Nurəliyeva onlara qarşı qərəzli münasibət sərgiləyib, təşkil olunan mədəniyyət tədbirlərinə dəvət etməyib, hətta bəzi hallarda onlardan açıq və ya dolayı formada rüşvət tələb olunub.
Məsələ ilə bağlı açıqlama verən şair Vüqar Əhmədin sözləri isə vəziyyətin təxmin edildiyindən daha ciddi olduğunu göstərib. O, açıqlamasında bildirib: “Mənzər xanımda bütün istedadlılara qarşı qısqanclıq var. O, xalq musiqisi oxuyanlara qarşı düşməndir. Mənzər bütün sənət adamlarını qəsdən dövlətdən narazı salır. Mən naziri qınamıram, onun Mənzərə gücü çatmır, çatsaydı, onu çoxdan postundan uzaqlaşdırardı”.
Sənət cameəsinin üzdə olan nümayəndələrinin bu dərəcədə açıq və sərt ittihamlarla çıxış etməsi cəmiyyətin diqqətini çəkmiş və Mədəniyyət Nazirliyini araşdırma aparmağa vadar etmişdi. Sənətçilər məsələ ilə bağlı nazirliyə dəvət olunduqlarını və izahatlarının alındığını demişdi.
Lakin sonradan nazirliyin araşdırmasının nəticəsi haqqında ictimaiyyətə hər hansı məlumat verilmədi. Bununla bağlı nə nazirliyin rəsmi saytında, nə də mediada hansısa məlumata rast gəlmək mümkün deyil.
