AZ

"Qadın liqasını yaratmaq istəyirik, amma..." - ABF prezidenti

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev 2025–2026-cı illər mövsümünün açılışına həsr olunmuş tədbirdən sonra jurnalistlərə verdiyi açıqlamada basketbolun inkişafına dair strateji hədəflərdən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, federasiya rəhbəri bildirib ki, yaxın illər üçün əsas məqsədlərdən biri gənclərdən ibarət milli komandaların beynəlxalq arenada daha yüksək səviyyədə təmsil olunmasıdır:

"Çalışırıq ki, 2030-cu ilədək U-16 və U-18 milli komandalarımız A divizionunda mübarizə aparsınlar. Yaxud da ən azı B divizionunda yaxşı nəticələr əldə etsinlər."

Emin Əmrullayev həmçinin qeyd edib ki, qarşıdakı mövsümdə Azərbaycan Basketbol Liqası yeni formatda keçiriləcək:

"Növbəti mövsüm səkkiz komandalı əsas liqa və altı komandadan ibarət I Liqanın təşkili planlaşdırılır. Burada komandaların bir-birinə keçidi nəzərdə tutulur. Bu sistem rəqabəti artıracaq və klublar arasında inkişafı stimullaşdıracaq."

Federasiyanın qadın basketbolunun inkişafı ilə bağlı planları da diqqət mərkəzindədir:

"Bizim üçün digər vacib məqam qadın liqasının təşkili məsələsidir. Lakin hazırda yetərli sayda oyunçu yoxdur. Bu ilin sonunadək müəyyən komandaları formalaşdırmaq istəyirik."

ABF prezidenti çempionatın strukturlaşdırılması və yerli oyunçuların inkişafı istiqamətində atılan addımlardan da bəhs edib:

"Yerli basketbolçulara daha çox şans verilməsini istəyirik. Burada keyfiyyət də önəmlidir. Əcnəbi basketbolçular çempionata maraq qatsa da, biz FİBA-nın 5+7 limitini əsas götürürük."

Yeni mövsümdən etibarən çempionatdakı klubların nəticələrinə uyğun olaraq iki liqaya ayrılması nəzərdə tutulur:

"Çempionatın yekun nəticələrinə əsasən, mövsümü ilk 8-likdə tamamlayan klublar növbəti ildən I Liqada (ABL), 9–12-ci yerləri tutan klublar isə ilk dəfə təşkil olunacaq II Liqada (ABL 2) mübarizə aparacaqlar. Aşağı liqada yerli oyunçulara daha çox şans verib, onların inkişafına dəstək göstərmək niyyətindəyik."

Azərbaycan Basketbol Federasiyasının bu yanaşması basketbolun ölkə üzrə sistemli inkişafına, kütləviliyin artırılmasına və gənc istedadların üzə çıxarılmasına yönəlib.

Seçilən
42
90deqiqe.az

1Mənbələr