AZ

Astmaya dair yayılmış miflər və həqiqətlər - MARAQLIDIR

Astmaya dair bir çox yanlış məlumatlar mövcuddur və bu miflər xəstələrin düzgün müalicə almasına mane ola bilər.

E-saglam.az həmin mifləri sizə təqdim edir:

Uşaq astmasını “böyüyəndə keçər” demək doğru deyil:Bu mif uşaq yaşlarında astma xəstəliyi olan insanların böyüyəndə simptomlarının yüngülləşə biləcəyinə görə yaranıb. Lakin belə düşüncə təhlükəlidir, çünki xəstələr xəstəliyə laqeyd yanaşa, müalicəni düzgün izləməyə və astmanı kifayət qədər nəzarət etməməyə meylli ola bilərlər.

Astma bəzən digər xəstəliklərlə qarışdırılır:Bəzi insanlar astmanı başqa tənəffüs xəstəlikləri ilə qarışdırır – bronxit, bronxiolit və pnevmoniya zamanı da nəfəs darlığı müşahidə oluna bilər. Bu səbəbdən düzgün diaqnoz vacibdir.

Astma psixoloji xəstəlik deyil:Bəzən astmanın əsas səbəbinin panika, stress və ya digər psixoloji hallar olduğu düşünülür. Lakin bronxial astma somatik xəstəlikdir – xəstəliyin əsas səbəbi bronxlarda və immun sistemdə baş verən dəyişikliklərdir. Psixoloji faktorlar simptomların idarəsini çətinləşdirə bilər, lakin xəstəliyin kökündə durmur.

Astma infeksion xəstəlik deyil:1950-ci illərdə astmanın antibiotiklə müalicə edilə biləcəyi nəzəriyyəsi mövcud idi. Lakin son tədqiqatlar göstərdi ki, spesifik infeksiya astmanın səbəbi deyil və antibiotiklərlə xəstəlik müalicə edilə bilməz.

Fiziki aktivlik astmatik xəstələr üçün qadağan deyil:Müasir tibb rəhbərliklərinə görə, fiziki məşqlər astmanı idarə etməyə kömək edir. Həqiqət odur ki, məşqlər bəzən astma tutmalarını tetikleyə bilər, amma bu, fiziki aktivliyin qadağan olduğu anlamına gəlmir. Əksinə, düzgün dərman istifadəsi ilə fiziki fəaliyyət xəstəliyin idarəsində vacib rol oynayır.

Astma hər kəsdə eyni formada olmur:Simptomlar insandan-insana dəyişir. Hətta eyni şəxsdə fərqli tutmalar fərqli simptomlarla müşayiət oluna bilər – bir dəfə öskürək, hırıltı və döşdə sıxlıq, digər dəfə isə əsasən nəfəs darlığı.

Astma ölümlə nəticələnə bilər:Bəziləri astmanın təhlükəsiz olduğunu düşünür. Lakin Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2016-cı ildə dünyada astmanın ağırlaşmalarından 400 mindən çox insan həyatını itirib. Ölümlərin çoxu aşağı və orta gəlirli ölkələrdə baş verib.

Bəs astma haqqında həqiqət nədir?

Astmaya dair əsas həqiqət odur ki, bu xroniki bir xəstəlikdir. Bir dəfə ortaya çıxdıqdan sonra tamamilə yox olmur. Dr. James Li (Mayo Klinikasından) bildirir ki, bəzən xəstələrdə astma illərlə görünməyə bilər, amma daha sonra yenidən ortaya çıxır. Çox uşaq isə astmanın “keçməsi”ni yaşamır, xüsusilə də ağır astma hallarında bu ümumiyyətlə baş vermir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
7
e-saglam.az

1Mənbələr