«Neftçi» qələbəsiz oyunlar seriyasına, nəhayət, beşinci turda «dayan bir» deyə bildi.
Üç xalı Sumqayıt səfərindən 2 qolla gətirə bildilər.
Ağadadaş Salyanski ilə Alessio son 13 dəqiqədə «Sumqayıt»ın qapısına yol tapmaqla, Samir Abasovun ürəyinə su səpdi.
«Neftçi» buna qədər də pis oynamırdı - əksini iddia edənlərə inanmayın, onlar yalançıdır.
«Neftçi» oynayırdı, rəqiblərdən geri qalmırdı - heç-heçə edəndə də, uduzanda da.
«Neftçi» sezonun ilk həftəsindən bəri istəkli təsir bağışlayır - bu həvəs 1 qram da azalmayıb.
«Neftçi» geridə qalan həftələrin hamısında «bir nömrə» kimi mübarizə aparıb.
Müdafiəyə basılmayıb. Mərkəzi rahat keçib. Rəqib qapısına boylanmaqdan çəkinməyib.
Cərimə meydançasına daxil olmağa tərəddüd etməyib. Transferdə bir ciddi boşluq komandaya nətəhər zərbə vurarsa, bunu «Neftçi»nin timsalında görmək mümkündür.
Rəhmətliyin oğlu, Ramil Şeydayevi və Dembo Darbonu göndərməyi öncədən planlaşdırmışdınsa, vaxtında normal hücumçu tapıb aldırardın da.
Nə istəyirsən ta, sən istədin, bəyəm rəhbərlik razı olmadı.
Avqustda o hücumçu ilə anlaşsaydılar, «Neftçi» ötən həftələrin hamısında meydandan 3 xalla ayrılmışdı. Bakılı azarkeşin tədirgin hal yaşamasının yeganə səbəbi qolçu ismin alınmamasıdır.
Samir Abasov bilməlidir ki, onun yarımmüdafiəçiləri «Qarabağ»dakılar qədər univsersal və səviyyəli deyil. «Qarabağ» başqa, sən başqa.
«Qarabağ»da kreativ, nominal hücumçu kimi irəli xətdə tipik «11 nömrə» rolunu ifa edəcək adlar çoxdur. Səndə kim(lər) var, Samir Abasov?
Bir də ki… Mən fürsətdən istifadə edib, Samir Abasova bir xahişimi çatdırmaq istəyirəm - nə olar, başına dönüm, ayağının altında quzu kəsim, o
Sambunu əsas heyətə yaxın buraxma. Afrika kökənli bu ingilis ən yaxşı halda 3-5 dəqiqə «Neftçi»nin formasını geyinə bilər, çox yox amma.
Dirəniş göstərmək mənasızdır, Abasov, ayıl! Sambu rəqiblərin mərkəz müdafiəçilərindən daha artıq problem yaradır «Neftçi»yə.
ELXAN