AZ

Makron çarəni Ərdoğanda tapdı: Müəmmalı görüşdə nə razılaşdırılıb?

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin sessiyası çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla bir araya gəlib. Bağlı qapılar arxasında keçən görüşdə iki ölkənin xarici işlər nazirləri ilə yanaşı, kəşfiyyat rəhbərlərinin də iştirakı diqqət çəkir.

Tərəflər daha sonra mətbuata Ukrayna müharibəsi ilə bağlı açıqlamalar versələr də, görüşün tam detalları məlum deyil.

Makronla Ərdoğan arasında hansı mövzular müzakirə olunub? Son zamanlarda iki liderin təmasları intensivləşdirməsi nədən qaynaqlanır?

Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsamettin İnaç deyib ki, Fransa prezidenti indiyə qədər Afrikada, Yaxın Şərqdə və Şərqi Aralıq dənizində Türkiyəyə qarşı siyasət yürüdüb, lakin bu addımların heç birində uğur qazana bilməyib:

“Uğursuzluqlar fonunda isə indi Türkiyəyə daha yaxın xətt izləməyə başlayıb. Bunun əsas göstəricilərindən biri Fransa hökumətində Fələstini tanıma prosesinin başlanmasıdır. Hətta təşəbbüsə Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya kimi ölkələr də qoşulub.

Son dövrdə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Makron arasında münasibətlərin inkişaf etdiyi müşahidə olunur. Görüşlərin əsas mövzularından biri, şübhəsiz ki, Qəzza məsələsidir. Burada Fələstinin tanınması ilə bağlı müzakirələrdə Ərdoğan Parisi düzgün istiqamətə yönləndirməyə çalışır. Çünki Avropa ölkələrinin, xüsusilə də Fransanın Fələstini tanıması məsələsi kifayət qədər problemli görünür. Onlar daha çox yalnız İordan çayının qərb sahilini əsas götürürlər və tanımanı bu bölgə üzərindən aparmaq niyyətindədirlər”.

Politoloq bildirib ki, HƏMAS məsələsində də ciddi fikir ayrılığı mövcuddur:

“Avropa, HƏMAS-ı prosesdən kənarlaşdırmaq istəyir. Ərdoğan isə bunun yanlış olduğunu bildirir. Çünki Fələstin rəhbərliyi yalnız FƏTH və ya Fələstin Azadlıq Təşkilatının üzərinə buraxılarsa, bu, İsrailin arzuladığı bir modelə çevriləcək. Belə bir Fələstin, təhlükəsizlik baxımından Təl-Əviv üçün problem yaratmayan bir struktur olacaq. Halbuki bu olsa belə, gələcəkdə İsrailin hücuma keçməyəcəyinə heç kim zəmanət verə bilməz.

Avropanın Fələstini tanımaq qərarında səmimi olmadığı da görünür. Bunun əsas səbəblərindən biri ABŞ-ın, xüsusən də Prezident Donal Tramp administrasiyasının  Avropanı Ukrayna məsələsindən kənarda saxlaması və resurslardan pay verməməsidir. Ukraynanın zəngin yeraltı və yerüstü sərvətləri, nadir elementləri və məhsuldar torpaqları var. Bu prosesdən kənarda qalan Avropa isə “ABŞ bizi Ukraynadan uzaqlaşdırırsa, biz də onun Yaxın Şərq planlarını pozaq və Fələstini tanıyaq” düşüncəsi ilə hərəkət edir”.

Hüsamettin İnaç

Politoloqun sözlərinə görə, digər mühüm səbəb Avropada təxminən 30 milyona yaxın müsəlmanın yaşamasıdır:

“Onlar seçici olduqları üçün siyasi təsir imkanları da böyükdür. Buna görə də avropalı liderlər daxili təzyiqləri azaltmaq məqsədilə Fələstini tanımağa meyil göstərirlər.

Bundan başqa, Avropa ölkələri ABŞ-ın İsrail mərkəzli siyasətini izləyərək Yaxın Şərqdən tamamilə təcrid olunmaq istəmir. Çünki buradakı boşluğun Rusiyanın xeyrinə doldurulmasına imkan verməməyə çalışırlar.

Belə bir şəraitdə Fransa Yaxın Şərqdə daha güclü mövqe qazanmaq və bölgədə qəbul edilən yeganə lider olan Ərdoğanla münasibətləri inkişaf etdirməyin zəruri olduğunu düşünür”.

H.İnaç əlavə edib ki, müzakirə olunan mövzular sırasında Ukrayna məsələsi də xüsusi yer tutur:

“Türkiyə müharibənin ilk günündən “aktiv neytrallıq” siyasəti izləyir, bununla yanaşı, həm Ukrayna, həm də Rusiya ilə dialoq qura bilən yeganə lider Ərdoğandır. O baxımdan, Makron Avropanın Ukrayna ilə bağlı proseslərə daxil edilməsində də Türkiyə liderinin rolunun böyük ola biləcəyini anlayır.

Şərqi Aralıq dənizi də gündəmdədir. Burada trilyonlarla dollar dəyərində enerji resursları mövcuddur. Əvvəllər Yunanıstan–İsrail–Cənubi Kipr xətti üzərində formalaşan enerji əməkdaşlığının artıq işləmədiyi görünür. Çünki Misir də indi Türkiyə ilə birgə hərəkət edir. Belə bir şəraitdə həm enerji bölgüsündə daha çox pay əldə etmək, həm də Yaxın Şərqin gələcək dizaynında söz sahibi olmaq üçün Makronun Ərdoğanla əməkdaşlığa ehtiyac duyduğu məlum məsələdir”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
globalinfo.az

3Mənbələr