AZ

Hərbi qulluqçu hazırlayan müəssisələrdə kursantların hazırlanmasına çəkilmiş xərclərlə bağlı qaydalar müəyyənləşib

Bakı, 25 sentyabr, AZƏRTAC

Nazirlər Kabineti “Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması, əvəzinin ödənilməsi qaydası və müddəti”nin təsdiq edilməsi haqqında qərar verib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Bu qayda müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə xüsusi təyinatlı təhsil müəssisələrindən xaric edilən kursantlara, habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-41.0.8-ci maddələrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata və 42.0.3-cü və 42.0.5-ci maddələrinə əsasən həqiqi hərbi xidmətdən istefaya buraxılan həmin təhsil müəssisələrini bitirmiş kadr zabitlərə və gizirlərə (miçmanlara) (təqvim hesabı ilə azı 10 il zabit heyəti vəzifələrində xidmət etmiş kadr zabitlər və təqvim hesabı ilə azı 5 il gizir (miçman) heyəti vəzifələrində xidmət etmiş gizirlər (miçmanlar) istisna olmaqla) şamil olunur.

Xüsusi təyinatlı təhsil müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi Qanunun 42-1.1-ci maddəsində qeyd olunan hallarda bağlaşmada nəzərdə tutulur.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil müəssisələrinə qəbul olunmuş kursantlar 1-ci semestrin sonunadək, xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olunmuş kursantlar isə 1-ci kursun sonunadək həmin təhsil müəssisələrindən xaric olunduqda, onlardan çəkilən xərclər geri alınmır.

Qərarda əvəzi ödənilməli olan xərclərin təsnifatı və hesablanması qaydası, eləcə də xərclərin əvəzinin ödənilməsi qaydası və müddəti öz əksini tapıb.

“Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması, əvəzinin ödənilməsi qaydası və müddəti”nin təsdiq edilməsi haqqında qərarla daha ətraflı linkdə tanış ola bilərsiniz.

 

Seçilən
6
2
azertag.az

10Mənbələr