AZ

Əli Həsənov sərvətini kürəkəni vasitəsilə Avropaya köçürür - FOTOLAR

Araşdırmaçı jurnalist Cavanşir Həsənli “Facebook” səhifəsində yazır ki, Baş nazirin keçmiş müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun kürəkəni Elman Allahverdiyev xaricdə yeni bizneslər qurur.

"Unikal" xəbər verir ki, onun araşdırmasına görə, Almaniyanın Hamburq şəhərində yaşayan Allahverdiyev bu ilin yanvarında Londonda OPAL YACHTING LTD adlı şirkət təsis edib. Araşdırmaya əsasən, şirkət hələ ki “dormant” - yəni fəaliyyətsiz statusda olsa da, bu addım gələcəkdə yaxta biznesinə başlamaq üçün hüquqi baza və platforma yaratmaq məqsədi daşıya bilər. C.Həsənli qeyd edir ki, bu cür şirkətlər vasitəsilə sahibkarlar bank hesabı aça, viza və oturum icazəsi üçün əsas yarada və investor cəlb edə bilirlər.
Cavanşir Həsənli xatırladır ki, Elman Allahverdiyev Almaniyada da bir sıra şirkətlərin sahibidir. O, Hamburqda LOHIMEX GmbH şirkətini təsis edib, “AuK Hotel GmbH”-nı alaraq “Glorious Hotels & Resorts GmbH” adı ilə yenidən qeydiyyatdan keçirib. Bu şirkətlər vaxtilə Bad Bevensen şəhərində satın alınmış “Kieferneck” otelində qeydiyyatdadır.
Jurnalist bildirir ki, Allahverdiyevin Bad Bevensendə aldığı başqa otellər də var. 2014-cü ildə şəhərin Bergstraße küçəsində “Heidekrug” otelini alıb, lakin 5 il istifadəsiz saxladıqdan sonra 2019-cu ildə “Manfred Preuss” adlı şəxsə dəyər-dəyməzinə satıb. Yeni sahibi otel otaqlarını 15 mənzilə çevirərək satışa çıxarıb.

Eyni ildə Elman Allahverdiyev Bad Bevensendə sahəsi 14 770 kv.m olan keçmiş “Diabet Klinikası”nı da alıb. Burada vaxtilə Almaniya Diabet Muzeyi yerləşirdi. 2019-cu ildə klinika binası sökülüb, həmin ərazi isə bu günədək xarabalığı xatırladır. Bundan başqa, Allahverdiyev kurort şəhərinin Haberkamp küçəsində yerləşən “Grüning Hotel”, eləcə də “Nicolas” pansionatını da alıb.


Beləliklə, Cavanşir Həsənlinin təqdim etdiyi siyahıya görə, Əli Həsənovun kürəkəni yalnız Bad Bevensen şəhərində 4 otel, 1 pansionat və 1 klinika binasına sahib olub.

C.Həsənli əlavə edir ki, Elman Allahverdiyevin adı ictimaiyyətə daha çox oğlu Nail Allahverdiyevin 2017-ci ildə törətdiyi ağır yol qəzası ilə bağlı tanışdır. Həmin ilin avqustunda Nail Allahverdiyev “Mercedes-Gelandewagen” markalı avtomobillə yüksək sürətlə hərəkət edərək iki nəfərin ölümünə, daha ikisinin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmuşdu. Araşdırmaçı jurnalistin iddiasına görə, məhz bu hadisədən dərhal sonra Elman Allahverdiyev Azərbaycandan külli miqdarda vəsait çıxararaq Almaniyada milyonlarla avro dəyərində otellər və klinika binası alıb.

Xatırladaq ki, Əli Həsənov 1998–2019-cu illərdə Baş nazirin müavini, 1998-2018-ci illərdə isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

Seçilən
9
7
unikal.az

8Mənbələr