AZ

 Qlobal investorların yeni ünvanı Azərbaycandır - TƏHLİL

Azərbaycan Cənubi Qafqazın investisiya liderinə çevrilir  

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Nyu-Yorkda “Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Maykl Aruqeti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, şirkət rəhbərinin müraciəti əsasında baş tutan görüş zamanı Azərbaycanın maliyyə bazarının dayanıqlı inkişafı və ölkəyə xarici investisiya axınının təşviqi baxımından “Ares Management” şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxunulub.

Prezident İlham Əliyev bu istiqamətdə qurulmuş tərəfdaşlıqların, xüsusilə də alternativ investisiya sahəsində birgə təşəbbüslərin ölkəmizin iqtisadi hədəflərinə töhfə verə biləcəyini qeyd edib. O, yeni maliyyə bazarı alətlərinin inkişafı və institusional əməkdaşlığın dərinləşdirilməsi üçün belə təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı

Maykl Aruqeti, öz növbəsində, Azərbaycanın davamlı iqtisadi inkişaf siyasətini və beynəlxalq investorlar üçün yaratdığı əlverişli institusional mühiti yüksək qiymətləndirib. O, “Ares”in Azərbaycana mühüm strateji tərəfdaş kimi baxdığını və xüsusilə yaşıl enerji, sosial infrastruktur və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Ares Management” arasında 2017-ci ildə başlayan əməkdaşlıq da diqqət mərkəzində olub. Görüşdə dayanıqlı infrastruktur, logistika, daşınmaz əmlak, təhsil və yaşıl enerji kimi əsas sahələrdə daha da genişlənmə potensialı xüsusi müzakirə edilib.

Qeyd edək ki, “Ares Management” özəl kredit, özəl kapital, daşınmaz əmlak və infrastruktur daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərən dünyanın aparıcı alternativ investisiya şirkətlərindən biridir. 1997-ci ildə Maykl Aruqeti və tərəfdaşları tərəfindən qurulan şirkət hazırda təxminən 60 milyard dollarlıq bazar kapitallaşması ilə təqribən 572 milyard dollarlıq aktivləri idarə edir. “Ares”in səhmləri Nyu-York birjasında satılır. Şəxsi kreditdə şirkət 377 milyard dollarlıq aktivləri idarə edir və birbaşa kredit seqmentində həcm və fəaliyyət baxımından qlobal lider hesab olunur.

“Ares, həmçinin daşınmaz əmlak sektorunda da lider mövqeyə malikdir. 2021-ci ildə şirkət logistika üzrə ixtisaslaşmış “Black Creek Group”u və 2025-ci ildə beynəlxalq biznes şirkəti “GLP Capital Partners”i 3,7 milyard dollara əldə edərək dünyanın ən böyük logistika portfellərindən birini yaradıb. Şirkət hazırda 53 milyon kvadratmetrlik anbar və logistika obyektlərini idarə edir və bu seqmentdə ilk üç ən iri oyunçu arasında yer alır.

Əhəmiyyətli bir mərhələ İtaliyanın dövlət enerji şirkəti “Eni”yə məxsus bərpaolunan enerji platforması olan “Plenitud”a 2 milyard avroluq investisiya qoyuluşu olub. 2025-ci ildə tamamlanan sövdələşmə “Ares”ə həmin şirkətdə 20 faiz pay verib. Digər mühüm sövdələşmə 2021-ci ildə “Landmark Partners”in 1,1 milyard dollara satın alınmasıdır ki, bu da “Ares”i özəl kapital, daşınmaz əmlak və infrastruktur sektorlarında kapital investisiyaları üçün təkrar bazarda aparıcı oyunçu kimi tanıdır. Bu gün şirkət “Blackstone” və “Brookfield” kimi nəhənglərlə rəqabət aparır.

Azərbaycan ilə “Ares Management” arasında əməkdaşlıq ölkə iqtisadiyyatının strateji inkişafı və şaxələndirilməsi üçün geniş imkanlar açır. Şirkətin əməliyyatlarının miqyasını və əhatə dairəsini nəzərə alaraq, bu tərəfdaşlıq Azərbaycanın maliyyə bazarının davamlı inkişafı və uzunmüddətli xarici investisiyaların cəlb edilməsi üçün xüsusi əhəmiyyətə malikdir.

2017-ci ildə əməkdaşlığa başlayandan bəri Azərbaycan Dövlət Neft Fondu “Ares”in idarə etdiyi qurumlara əhəmiyyətli sərmayələr yatırdığı vaxtdan institusional əlaqələr güclənib və tərəflər arasında etimad artıb. Bu tərəfdaşlıq artıq yüksək səmərəlilik və Azərbaycanın milli iqtisadi məqsədlərinə uyğun olaraq yeni sahələrə genişlənmək istəyi nümayiş etdirir.

Özəl kreditləşmə, kapital bazarlarında təcrübə mübadiləsi və birgə inkişaf xüsusilə perspektivli görünür. “Ares Management”in birbaşa kreditləşdirmə və alternativ maliyyə alətləri üzrə toplanmış bilik və resursları milli maliyyə bazarının kapitallaşmasını və likvidliyini əhəmiyyətli dərəcədə artıra, iqtisadiyyatın diversifikasiyası, kiçik və orta biznesə dəstək üçün mühüm əhəmiyyət kəsb edən innovativ maliyyə məhsullarını stimullaşdıra bilər.

Logistika, müasir nəqliyyat və ticarət dəhlizlərinin inkişafı əməkdaşlığın digər mühüm vektorudur. “Ares”in qlobal miqyasda ən böyük anbar və logistika obyektləri portfelini idarə etmək təcrübəsi Azərbaycana öz infrastrukturunun rəqabət qabiliyyətini artırmağa, regionun tranzit imkanlarının inkişafına kömək etməyə və beynəlxalq ticarət əlaqələrini gücləndirməyə imkan verəcək. Bu, həm də logistika mərkəzi kimi Azərbaycanın investisiya cəlbediciliyinin artırılması üçün ilkin şərtlər yaradacaq.

Sosial sahədə əməkdaşlıq mənzil infrastrukturunun, xüsusilə tələbə şəhərciklərinin və müasir yaşayış komplekslərinin inkişafı üçün birgə səyləri nəzərdə tutur. Bu yanaşma insan kapitalının inkişafını dəstəkləyir, həyat keyfiyyətini yaxşılaşdırır və davamlı sosial-iqtisadi inkişaf üçün vacib olan yeni iş yerləri yaradır.

Yaşıl enerji və infrastruktura investisiya perspektivləri də eyni dərəcədə əhəmiyyətlidir. “Ares” şirkətinin “Plenitud” kimi bərpaolunan enerji mənbələrinə yatırdığı investisiyalar ekoloji təyinatlı layihələrə güclü bağlılığı nümayiş etdirir. Dayanıqlı inkişaf və ekoloji təhlükəsizliyə üstünlük verən Azərbaycan üçün belə əməkdaşlıq müasir texnologiyaların tətbiqinə, enerji səmərəliliyinin artırılmasına və iddialı iqlim məqsədlərinə nail olunmasına kömək edəcək. Bundan əlavə, elektrik nəqliyyat vasitələri və digər yaşıl texnologiyalar üçün infrastrukturun inkişafı davamlı iqtisadi artımın əsasını qoyacaq və ənənəvi enerji resurslarından asılılığı azaldacaq.

Ümumilikdə, Azərbaycan ilə “Ares Management” arasında əməkdaşlıq potensialı ənənəvi investisiya əlaqələrinin əhatə dairəsini əhəmiyyətli dərəcədə üstələyir. O, qlobal çağırışlara uğurla uyğunlaşmağa və yeni imkanlardan istifadə etməyə qadir olan innovativ, şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatın inkişafına yol açır. Bu alyans aparıcı beynəlxalq investorun maliyyə və texniki təcrübəsini milli strateji prioritetlərlə birləşdirir, uzunmüddətli qarşılıqlı faydalı nəticələr əldə etməyə və Azərbaycanın qlobal investisiya səhnəsində rolunu gücləndirməyə imkan verir.

Qlobal kapital axınlarını sabit və dayanıqlı regionlara - Azərbaycana yönəltmək istəyən “Global Infrastructure Partners”

Son illərdə Azərbaycan yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının ən mühüm iqtisadi və geosiyasi aktorlarından birinə çevrilib. Qlobal və regional çağırışlara çevik reaksiya verən, sabitlik və inkişaf modelini əsas prioritet kimi müəyyən edən ölkə, dayanıqlı tərəfdaşlıq və strateji əməkdaşlıq kursu ilə beynəlxalq müstəvidə etibarlı mövqeyini daha da gücləndirir. Dövlətin həyata keçirdiyi məqsədyönlü iqtisadi islahatlar, biznes mühitinin liberallaşdırılması və xarici sərmayələrə göstərilən yüksək dəstək, Azərbaycanın regional sərmayə xəritəsində qabaqcıl yerini təmin edib. Texnologiyalar, süni intellekt, alternativ enerji və yüksək dəyər yaradan layihələrə yönəlmiş bu yeni iqtisadi yanaşma, ölkənin qlobal miqyasda da daha aktiv aktora çevrilməsinə zəmin yaradır.

Bu strateji kursun əsas hərəkətverici qüvvələrindən biri də Prezident İlham Əliyevin beynəlxalq platformalarda və nüfuzlu tərəfdaşlarla keçirdiyi yüksəksəviyyəli görüşlərdir. İstər ikitərəfli əməkdaşlıq formatlarında, istərsə də çoxşaxəli regional və qlobal təşəbbüslər çərçivəsində aparılan bu dialoqlar Azərbaycanın sabit, açıq və uzunmüddətli tərəfdaş kimi imicini daha da möhkəmləndirir.

Bu görüşlərdən biri də BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak məqsədilə ABŞ-ın Nyu-York şəhərində işgüzar səfərdə olan Prezident İlham Əliyevin qlobal infrastruktur investisiya idarəetmə şirkəti – “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə keçirdiyi görüş olub.

Görüşdə infrastruktur sahəsində beynəlxalq tərəfdaşlıq imkanları və bu sahəyə yönələn birgə investisiyaların regional iqtisadi əlaqələrin genişləndirilməsində rolu müzakirə edilib.

Qlobal kapital axınlarının getdikcə daha çox sabit və dayanıqlı regionlara yönəldiyi bir dövrdə Azərbaycanın geosiyasi mövqeyi, iqtisadi sabitliyi və çevik idarəetmə sistemi GIP kimi aparıcı investisiya qurumları üçün strateji maraq doğurur. Bu səbəbdən şirkət rəhbərinin müraciəti əsasında Nyu-Yorkda görüş baş tutub.

“Global Infrastructure Partners” 2006-cı ildə təsis edilmiş qlobal infrastruktur investisiya idarəetmə şirkətidir. Şirkət təxminən 170 milyard dollar məbləğində aktivləri idarə edir. GIP Nyu-York, London, Stamford, Sidney, Melburn, Brisben, Mumbay, Dehli, Sinqapur və Honkonq daxil olmaqla dünyanın 10-dan çox şəhərində ofisi mövcuddur. 2024-cü ildə dünyanın ən böyük idarəetmə şirkəti olan “Blackrock” tərəfindən 12,5 milyard dollar məbləği ilə satın alınıb.

Şirkət çox önəmli infrastruktur aktivlərinə investisiya etməklə yanaşı, öz uğurlu dəyər yaratma strategiya və planları ilə onların dayanıqlılığını və uzunmüddətli inkişafını dəstəkləyir. GIP, həmçinin dünyanın ən böyük özəl havalimanı investorudur. Təsis edildiyi gündən bəri şirkət London Siti, London Qatvik, Edinburq və Sidney hava limanlarına investisiyalar edib. Şirkətin bu sektorda ən sonuncu investisiyası isə Malayziyada fəaliyyət göstərən hava limanlarının əsas operatoru “Malaysia Airports Holdings Berhad”da (MAHB) olub. GIP MAHB-da 30 faiz özəl səhm payı alıb. MAHB-ın qalan 70 faizlik səhmləri isə Malayziya hökumətinə məxsusdur. Malayziya dövləti tərəfindən GIP-nin bu investisiyaya cəlb edilmə səbəbləri onun təcrübəsindən istifadə edərək bu ölkənin hava limanlarında sərnişin təcrübəsini yaxşılaşdırmaq, hava yollarının əlaqələrini artırmaq, infrastrukturu təkmilləşdirmək və MAHB-ı dünya səviyyəli hava limanı operatoruna çevirmək olub.

GIP Orta Şərqdə BƏƏ tərəfindən dəstəklənən “Global AI Infrastructure Investment Partnership” (GAIIP) – Qlobal Süni İntellekt İnfrastruktur İnvestisiya Tərəfdaşlığı layihəsinin təşəbbüskarıdır. Bu əməkdaşlıq 2024-cü ilin sentyabrında başlamış və süni intellekt sahəsində infrastruktur aktivlərinin inkişafı məqsədilə 30 milyard dollar məbləğində yatırım platformasının yaradılması nəzərdə tutulub. GIP ilə birlikdə, Əbu-Dabi Əmirliyi tərəfindən yaradılmış investisiya şirkəti MGX və “Microsoft” şirkətləri də bu investisiyaların aktiv idarəedilməsində iştirak edəcəklər. NVIDIA şirkətinin isə layihəyə öz təcrübəsi ilə töhfə verməsi gözlənilir.

GIP enerji keçidini ən böyük investisiya fürsəti olaraq qiymətləndirir və qlobal enerji sisteminin yenidən qurulması üçün illik təxminən 5 trilyon dollara qədər investisiya tələb oluna biləcəyini qeyd edir. Şirkət bərpaolunan enerji, midstrim və nəqliyyat infrastrukturundakı liderliyini, biznes və hökumət liderləri ilə güclü əlaqələrini istifadə edərək, qlobal dekarbonizasiyaya səmərəli töhfə verməyi hədəfləyir. Bu baxımdan, Azərbaycanın nəinki zəngin enerji ehtiyatları, həm də onun əhatəli nəqliyyat-tranzit imkanları, rəqəmsal infrastruktur sahəsindəki təşəbbüsləri və yaşıl keçidə verdiyi töhfə ölkəni GIP kimi aparıcı investorlar üçün həm regional lider, həm də etibarlı beynəlxalq tərəfdaş kimi cəlbedici mərkəzə çevirir. GIP 2025-ci ilin məlumatlarına əsasən, 26 ştatda təxminən 11,8 giqavat gücündə enerji istehsal gücünə malikdir. Bu gücün təxminən 9,1 giqavatı külək, günəş və enerji saxlama sistemlərindən ibarətdir.

GIP ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) əməkdaşlığı 2024-cü ildən etibarən başlayıb və GIP tərəfindən idarə olunan müxtəlif fondlara ümumilikdə təxminən 210 milyon dollar sərmayə yatırılıb. ARDNF İtaliyada aparıcı sürətli qatar operatoru “Italo” yatırımını GIP ilə birgə həyata keçirib. Bu investisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur aktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-in investisiya portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.

GIP hava limanlarının idarəedilməsi, bərpaolunan enerji layihələrinin inkişafı və enerjinin saxlanma sistemləri sahəsindəki təcrübəsi ilə Azərbaycanda faydalı tərəfdaş ola bilər. Həmçinin Qlobal Süni Zəka İnfrastruktur İnvestisiya Tərəfdaşlığı layihəsi çərçivəsində, şirkət Azərbaycan və Mərkəzi Asiya ölkələrində data mərkəzlərinin və digər süni zəka infrastrukturunun da yaradılması imkanlarını nəzərdən keçirə bilər.

Qeyd etmək lazımdır ki, bu görüşlər Azərbaycanın beynəlxalq maliyyə və investisiya dairələri ilə əməkdaşlığının genişləndirilməsi baxımından növbəti mühüm addım olmaqla yanaşı, ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirir, strateji tərəfdaşlıq imkanlarını artırır və iqtisadi diplomatiyasının beynəlxalq səviyyədə daha da güclənməsinə, Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Azərbaycanda investorlar üçün formalaşmış əlverişli mühiti yüksək qiymətləndirən “Franklin Templeton”

Bundan başqa, sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda dünyanın ən iri və nüfuzlu qlobal investisiya menecerlərindən biri olan “Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Conson ilə görüşüb.

Qarşı tərəfin müraciəti əsasında baş tutan görüşdə qlobal investisiya mühiti, inkişaf etməkdə olan ölkələrin kapital bazarlarına çıxış imkanları və beynəlxalq tərəfdaşlıqların iqtisadi transformasiyada rolu ətrafında fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycanla bu şirkət arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.

Cenni Conson ölkəmizin son illərdə həyata keçirdiyi iqtisadi layihələrin və inkişaf istiqamətində gördüyü tədbirlərin beynəlxalq kapital üçün mühüm imkanlar yaratdığını, eyni zamanda, Azərbaycanda investorlar üçün formalaşmış sabit və əlverişli mühiti yüksək qiymətləndirərək, bunun uzunmüddətli tərəfdaşlığa möhkəm zəmin yaratdığını qeyd edib.

“Franklin Templeton” ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ildən etibarən əməkdaşlığa başlayıb. Hazırda ARDNF-ın “Franklin Templeton” tərəfindən idarə olunan səhm portfelinin ümumi dəyəri təxminən 677 milyon dollar təşkil edir. Mövcud tərəfdaşlıq ölkəmizin kapital bazarlarının dərinləşdirilməsi, regionun investisiya potensialının gücləndirilməsi və dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı görüş zamanı “Franklin Templeton”un alternativ investisiya sahəsindəki zəngin təcrübəsinə və xüsusilə region ölkələrində həyata keçirdiyi uğurlu layihələrin əhəmiyyətinə toxunaraq, bu istiqamətdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

Qeyd edək ki, 1947-ci ildə ABŞ-da təsis edilən “Franklin Templeton” şirkəti hazırda 1,6 trilyon dollara yaxın aktivləri idarə etməklə dünyanın ən iri və nüfuzlu qlobal investisiya menecerlərindən biri hesab olunur. Şirkətin idarə etdiyi aktivlərin həcmi qlobal idarə olunan aktivlərin 1,3 faizinə bərabərdir. “Franklin Templeton” 30-dan çox ölkədə fəaliyyət göstərən 70-ə yaxın ofisə malikdir və 170-dən çox ölkədə milyonlarla institusional və fərdi müştərinin vəsaitlərini idarə edir. Müştəri bazasına aparıcı suveren sərvət fondları, iri pensiya və sığorta fondları, beynəlxalq banklar, nüfuzlu universitetlərin fondları və yüksək kapitala malik ailə ofisləri daxildir. Şirkət həm inkişaf etmiş maliyyə bazarlarında, həm də inkişaf etməkdə olan ölkələrdə güclü mövqeyə sahib olmaqla, xüsusilə Asiya və Latın Amerikası kimi sürətlə böyüyən bazarlarda aparıcı investor statusunu qazanıb.

2025-ci ildə “Franklin Templeton” alternativ investisiyalar üzrə qlobal mövqeyini gücləndirərək Avropada 5 milyard avrodan artıq aktivləri idarə edən “Apera Asset Management” şirkətini satın alıb. Bu əməliyyat nəticəsində şirkətin alternativ kredit portfeli 87 milyard dollara çatıb, ümumi alternativ investisiya platforması isə təxminən 260 milyard dollar səviyyəsinə yüksələrək “Franklin Templeton”u dünyanın iri və dinamik alternativ aktiv menecerləri sırasında möhkəmləndirib.

Şirkət qonşu region ölkələrində də strateji investisiya layihələri həyata keçirərək özəl sektora beynəlxalq kapitalın cəlbini gücləndirməyə dəstək olur. “Franklin Templeton” Türkiyədə orta böyüklükdə şirkətləri dəstəkləmək üçün yaradılmış “Templeton Türkiye Fund II” özəl səhm fondunu idarə edir. Bu fonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 40 milyon avro və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təxminən 25 milyon dollar həcmində kapital qoyub.

Bundan başqa, “Franklin Templeton” ölkənin mebel sənayesində tanınmış brendlərdən biri olan “Doğtaş Kelebek Mobilya” şirkətinə sərmayə yatıraraq istehsal və istehlak bazarlarının inkişafına töhfə verib.

“Franklin Templeton” şirkəti Azərbaycana bir neçə əsas istiqamətdə töhfə verə bilər. İlk növbədə, infrastruktur və daşınmaz əmlak sahəsində “Clarion Partners”in çoxillik təcrübəsi ölkəmizdə logistika, yaşayış və kommersiya obyektləri, həmçinin enerji infrastrukturu üzrə beynəlxalq investor marağını gücləndirə bilər. Bərpaolunan enerji sahəsində “Franklin Templeton”un qlobal tərəfdaşlıqları (məsələn, “Copenhagen Infrastructure Partners” ilə əməkdaşlıq) Azərbaycanın yaşıl enerji gündəliyinə, xüsusilə günəş və külək layihələrinin maliyyələşdirilməsinə dəstək verə bilər.

Şirkətin gələcək əməkdaşlıq üçün Azərbaycanı seçməsi təsadüfi deyil. “Franklin Templeton” ilk növbədə, ölkəmizin sabit makroiqtisadi mühiti, güclü fiskal dayanıqlığı, strateji coğrafi mövqeyi və şaxələndirilmiş iqtisadi inkişaf gündəliyini əsas faktorlar kimi qiymətləndirir. Son illərdə həyata keçirilən islahatlar nəticəsində formalaşan şəffaf və investor dostu mühit, kapital bazarlarının mərhələli şəkildə liberallaşdırılması və beynəlxalq tərəfdaşlıqlara açıq yanaşma, “Franklin Templeton” kimi institusional investorlar üçün Azərbaycanda uzunmüddətli iştirakı cəlbedici edir.

Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qlobal portfellər üzrə artan strateji yanaşması və dayanıqlı, məsuliyyətli investisiyalara verdiyi önəm də bu əməkdaşlığın təməlini təşkil edir. Şirkət, həmçinin Azərbaycanın Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq regionları ilə iqtisadi əlaqələrinin genişlənməsini, onu gələcəkdə regional investisiya və maliyyə mərkəzinə çevrilmək potensialı kimi dəyərləndirir. Məhz bu amillər “Franklin Templeton”un Azərbaycanla daha sıx əməkdaşlıq qurmaq istiqamətində konkret addımlar atmasına zəmin yaradıb.
Seçilən
9
16
sherg.az

10Mənbələr