Azərbaycanda bərpa olunan enerji mənbələri (BOEM) sahəsində yerli EPC şirkətlərinin, O&M podratçılarının və milli mütəxəssislərin inkişaf etdirməsinə ehtiyac var.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə "SOCAR Green"in günəş və külək enerjisi üzrə mütəxəssisi Elçin Tarquliyev deyib.
"Bərpa olunan enerji layihələri avadanlıq, texnologiya və minlərlə insanı özündə ehtiva edən mürəkkəb strukturlardır. Hər şey xaricdən gətirilsə, investisiyalar formal olaraq Azərbaycanda həyata keçirilsə belə, ölkədən kənara vəsait axacaq. Ona görə də yerli səlahiyyətli subyektləri inkişaf etdirmək, EPC (mühəndislik, satınalma və tikinti) şirkətləri, O&M (əməliyyat və texniki xidmət) şirkətləri, avadanlıq istehsalçılarını yaratmaq və onların inkişafını dəstəkləmək lazımdır", - E. Tarquliyev bildirib.
O əlavə edib ki, bu, iqtisadiyyatın şaxələndirilməsinə və investisiyaların ölkə daxilində saxlanmasına kömək edəcək.
"Bundan başqa, yerli tərəfdaşlıqlar obyektlərin yaxınlığında yaşayan icmaların cəlb edilməsini də əhatə etməlidir. Böyük layihələrin bir hissəsi kimi biz yerli sakinlərlə ilkin mərhələdə məşğul olmağa başlayırıq: onları məlumatlandırırıq, işlə təmin edirik və yeni iqtisadi imkanlar yaradırıq. Bu yanaşma münaqişə riskini azaldır, yerli icmaların rifahını yaxşılaşdırır və layihələrə müsbət münasibət bəsləyir", - "SOCAR Green" nümayəndəsi vurğulayıb.