Gündəlik həyatda iş yükü, sosial münasibətlər və şəxsi problemlər səbəbindən insanlar tez-tez gərgin və əsəbi olurlar.
Belə vəziyyətlərdə onların psixoloji rahatlıq tapması üçün hansı sadə üsullar və praktik vərdişlər tövsiyə edilir?
Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirdi ki, gündəlik həyatımızda iş yükü, sosial münasibətlər və şəxsi problemlər insanlarda həm psixoloji, həm də emosional yorğunluq yaradır:
"Əslində, hər bir insan bu cür gərginliklərlə üzləşə bilər. Vacib olan odur ki, biz özümüzə düzgün yanaşmağı və daxili tarazlığımızı qorumağı öyrənək. Bunun üçün bir neçə sadə, lakin effektiv üsul mövcuddur:
Dərin nəfəs alma və meditasiya etmək. Bir neçə dəqiqəlik dərin nəfəs məşqləri sinir sistemini sakitləşdirir. Meditasiya və ya sadəcə zehnin sakitləşdirilməsi beyində stres hormonlarının azalmasına kömək edir. Fiziki aktivlik isə gündəlik qısa yürüş, idman və ya sadəcə yüngül hərəkətlər orqanizmdə xoşbəxtlik hormonlarını endorfinləri artırır və gərginliyi azaldır".
Psixoloq qeyd etdi ki, vaxtın düzgün idarə olunması, iş və şəxsi həyat arasında balans yaratmaq çox önəmlidir.
"Planlı hərəkət etmək həm təzyiqi azaldır, həm də məhsuldarlığı artırır. Sosial dəstək də vacib nüanslardandır. Dostlarla, ailə üzvləri ilə ünsiyyət emosional yüngülləşməyə səbəb olur. Problemləri paylaşmaq bəzən onların yükünü yarıbayarı azaldır.
Kiçik xoşbəxtlik mənbələri tapmaq. Məsələn, kitab oxumaq, sevdiyiniz musiqini dinləmək, bir fincan isti çay içmək kimi sadə vərdişlər də insanın psixoloji rahatlığına böyük təsir göstərə bilər. Öz hisslərimizi qəbul etməli, gərginlik və əsəb hər kəsdə ola bilər deməyi bacarmalıyıq. Bu hissləri inkar etmək əvəzinə onları tanımaq və idarə etməyi öyrənmək daha sağlam bir yanaşmadır. Əsas məsələ hər gün özünə az da olsa qayğı göstərməkdir. İnsan zehni və emosional sağlamlığına diqqət yetirdikcə, streslə daha sağlam mübarizə aparır və həyat keyfiyyəti yüksəlir", - deyə Zeynəb Əyyubova əlavə etdi.
Xədicə BAXIŞLI