AZ

Kənan Novruzov: “ABŞ Paşinyanın hakimiyyətini qorumaqda maraqlıdır”

“Ermənistanın daxili siyasi vəziyyəti hazırda kifayət qədər gərgindir. Ölkədəki son hadisələr göstərir ki, keçmiş prezident Levon Ter-Petrosyan özündən sonrakı prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın mövqeyinə qoşularaq siyasi mənzərəyə təsir göstərməyə çalışır. Bu cəhdlər ölkədəki gərginliyi artıran əsas amillərdən biridir. Bu proseslərdə Rusiyanın təsir imkanlarını istisna etmək mümkün deyil. Rusiya üçün Cənubi Qafqazda baş verən proseslər strateji əhəmiyyət daşıyır. Bir tərəfdən, Ermənistan–Azərbaycan normallaşma prosesi, digər tərəfdən isə ABŞ və Avropanın regiona artan marağı Moskvanı narahat edir. Belə bir geosiyasi fon Rusiyanın Ermənistanda vəziyyəti destabilizasiya etməyə cəhd göstərməsinə səbəb olur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, Ermənistanın Armavir vilayətinin Parakar icmasının sədri və yaxın dostunun dəhşətli qətli ölkədə ciddi narahatlıq yaradıb. Öldürülən şəxs Bakıda mühakimə olunan erməni əsilli oliqarx Ruben Vardanyanın sponsorluğu ilə yaradılmış partiyanın üzvü olub və mart ayında keçirilən bələdiyyə seçkilərində hakim Mülki Müqavilə Partiyasının namizədinə qalib gəlib. Müxalifət hadisəni sui-qəsd adlandırır və bunun məsuliyyətini Ermənistanın Baş naziri Nikol Paşinyanın üzərinə qoyur.

Siyasi şərhçi qeyd edib ki, Rusiya strategiyasının əsas məqsədi Ermənistanda hakimiyyətə təzyiq göstərmək və lazım gəldikdə Paşinyan hakimiyyətini devirməkdir.

“Hazırda müxalifət də iqtidara qarşı təsir mexanizmlərini gücləndirib və mövqeyini möhkəmləndirib. Lakin ABŞ-ın Paşinyanın hakimiyyətinin qorunmasına dəstək verməsi bu planların uğur qazanma ehtimalını azaldır. ABŞ üçün Paşinyanın hakimiyyətdən getməsi, regiondakı oyun strategiyasının tam icra edilməməsi deməkdir. Hazırda Ermənistan üzərində ABŞ və Rusiya arasında rəqabət açıq şəkildə müşahidə olunur. Paşinyan indiyə qədər dəfələrlə siyasi sınaqlardan keçib, lakin hakimiyyətini qoruyub. Ekspertlər hesab edir ki, gələcəkdə də bu vəziyyət əsasən dəyişməyəcək və Paşinyan hakimiyyətini qorumağa davam edəcək”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
0
aznews.az

1Mənbələr