"Qarabağ" "Benfika" zəfərinin dadını çıxarmamış Marko Yankoviç şokunu yaşadı.
Portuqaliyadakı görüşün 77-ci dəqiqəsində zədə alan Monteneqrolunun durumu ciddidir.
Hava Limanında baş məşqçi Qurban Qurbanov narahatlığa əsas olmadığını bildirmişdi.
Amma təkrar müayinə zamanı "8 nömrə"nin ən azı 6 həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub.
Marko bugünkü "Qarabağ"ın bəlkə də əvəzedilməz yeganə oyunçusudur.
Kadi də önəmlidir, Zubir də, Andrade də.
Amma heç biri Marko qədər dəyərli deyil.
30 yaşlı futbolçunun yoxluğunda Ağdam klubunun bütün sistemində silkələnmə yaşanır.
Bunu təsnifat mərhələsində görmüşük.
Marko zədə səbəbindən "Şelburn"la iki görüşü və "Şkendiya" ilə səfər oyununun ilk 60 dəqiqəsini buraxmalı olmuşdu.
Belədə Kadi onun yerinə geri çəkilməli olmuşdu.
"Benfika" ilə matçın gedişində də Qurbanov bu cür addım atdı.
Belədə Borgesin yaradıcılıq bacarıqları məhdudlaşmış olur.
Markonun isə tam əvəzləməsindən söhbət gedə bilməz.
Düzdü, "Qarabağ" 4 görüşün hamısında bu dəyişikliklə də uğurlu nəticəni təmin edə bilib.
Lakin unutmayaq ki, nə "Atletik", nə də "Kopenhagen" "Şelburn" və ya "Şkendiya" deyil.
Bu rəqiblərə qarşı oyunlar onsuz da "Qarabağ" üçün asan olmayacaqdı.
Yankoviçin yoxluğu vəziyyəti iki qat ağırlaşdırmış oldu.
XANOĞLAN / SPORTİNFO.AZ