Premyer Liqanın 5-ci turunun maraqla gözlənilən qarşılaşmalarından biri Masazırda baş tutdu.
Çempionluğa iddialı iki komanda - "Sabah" və "Turan Tovuz" üzə-üzə gəldi.
Amma "Bank Respublika Arena"da keçirilən görüşə maraq hədsiz dərəcədə az idi.
Hətta son illə burada hansısa oyuna bu qədər az tamaşaçının gəlməsini xatırlamıram.
Rəqibin böyük azarkeş ordusu olan bölgə klubu olması da saya ciddi təsir etməmişdi. Matçın protokolunda 820 nəfər göstərilib, amma yerində bu say da sanki gözə dəymirdi.
Adətən sıravi azarkeşlərin cəm olduğu ehtiyat skamiyanın arxasındakı tribunalar belə seyrək idi.
Yalnız qapılar arxasında yer alan fanklubların aktivliyi qeyd edilə bilər.
Onların da üst-üstə sayı vur-tut heç 400 nəfər olmazdı.
Qısası, son dövrlər Masazır stadionunda azarkeş sarıdan belə "kasıb matç" olmamışdı.
Təqdim etdiyimiz fotolar hər şeyi deyir...
XANOĞLAN / SPORTİNFO.AZ