AZ

ABŞ-dakı erməni lobbisinin növbəti fiaskosu

Konqresdə onların təqdim etdikləri anti-Azərbaycan qətnamələri ya gündəmdən çıxarılır, ya da səs çoxluğu ilə rədd edilir

ABŞ-da fəaliyyət göstərən erməni diasporu və lobbisi uzun illərdir ki, əsasən Konqresdə güclü təsir imkanlarına malik olub. Xüsusən də ötən əsrin sonlarından etibarən erməni təşkilatları ABŞ siyasətçiləri ilə sıx əlaqələr quraraq, Azərbaycan və Türkiyə əleyhinə müxtəlif qətnamələrin qəbul edilməsinə nail olublar. Lakin son illərdə bu təsirin xeyli zəiflədiyi, hətta bir sıra hallarda məğlubiyyətə uğradığı aydın görünməkdədir. Burada Azərbaycan tərəfinin ABŞ-da apardığı sistemli iş, həmçinin ölkələrimiz arasında münasibətlərin inkişafında qeydə alınan uğurlar da öz sözünü deyir.

Qeyd edilməlidir ki, erməni diasporu ABŞ-ın müəyyən ştatlarında, məsələn, Kaliforniyada, Massaçusetsdə güclü mövqelərə sahib olub. Onların həm maliyyə resursları, həm də ABŞ ictimai rəyinə təsir imkanları geniş xarakter daşıyıb. Elə bu kontekstdə Konqresdə müxtəlif ermənipərəst senator və nümayəndələr vasitəsilə illərlə Azərbaycana qarşı qərəzli sənədlər gündəmə gətirilirib. Məsələn, Qarabağ münaqişəsi ilə bağlı yardımların yalnız Ermənistana yönəldilməsi, “Azadlığı Müdafiə Aktı” çərçivəsində Azərbaycana yardım qadağasının tətbiqi buna bariz nümunə idi. Amma Azərbaycanın beynəlxalq müstəvidə fəallığı, diaspor quruculuğu istiqamətində atdığı addımlar, qurduğu beynəlxalq əlaqələr, ən əsası reallıqları uğurla dünya, o cümlədən də ABŞ ictimaiyyətinə çatdırması vəziyyəti dəyişib. Ölkəmizin artan siyasi, iqtisadi gücü, təbii resursları ilə Qərbin enerji təhlükəsizliyinə töhfəsi, həmçinin regionda sülh və əməkdaşlıq təşəbbüsləri rəsmi Bakını daha etibarlı tərəfdaş kimi ön plana çıxarıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi erməni diasporunun da ABŞ-dakı mövqelərinə ciddi zərbə vurdu. Artıq reallıqlar Azərbaycanın xeyrinə dəyişməyə, erməni lobbiçiliyinin yaratdığı illüziya iflasa uğramağa başladı. Amma bunlara baxmayaraq, indinin özündə də erməni diasporu və lobbisi bədnam fəaliyyətini dayandırmır. Amerika Erməni Milli Komitəsinin Vaşinqtonda təşkil etdiyi tədbir, burada bəzi ermənipərəst konqresmenlərin səsləndirdiyi fikirlər də qeyd edilənlərin daha bir təzahürüdür. ABŞ Konqresinin Erməni Qrupunun həmsədri Frank Pallone, eləcə də Bred Şerman, Laura Fridman, Raca Krişnamurti və Vins Fonq ölkəmiz haqqında cəfəng fikirlər səsləndirib. Bu günlərdə isə 87 konqresmen ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edərək hakimiyyəti Azərbaycana qarşı müəyyən addımlar atmağa çağırıblar. Amma əsassız müraciət cavabsız qalıb. Bunun ardınca ermənipərəst lobbi Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi çərçivəsində nəzərdən keçirilən qanun layihələrinə anti-Azərbaycan xarakterli düzəlişlər təklif edib. Həmin düzəlişlərdən biri ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasına Azərbaycandakı layihələrə hər hansı dəstək verməyi qadağan etməyi, ikincisi isə ABŞ Prezidentinin “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin təsirini dayandırmaq səlahiyyətlərinin ləğv olunmasını ehtiva edirdi. Ancaq hər iki düzəliş ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi tərəfindən rədd edilib. Bütün bunlar erməni lobbisinin Konqresdə növbəti məğlubiyyətini nümayiş etdirir. Konqres komitəsinin bu düzgün yanaşması sayəsində Vaşinqtondakı erməni lobbisinin reputasiyasına yenidən böyük ziyan dəyib. Amerika Erməni Milli Komitəsinin və digər erməni lobbi qruplarının ABŞ-da təsiri azalmaqda davam edir. Bütün bunlar Azərbaycan və ABŞ arasında münasibətlərin yeni yüksəliş mərhələsinə daxil olması kontekstində yaşanır. Reallıq budur ki, indi Konqresdə erməni lobbisinin təşəbbüsləri əvvəlki qədər dəstək qazana bilmir. Onların təqdim etdiyi anti-Azərbaycan qətnamələr ya gündəmdən çıxarılır, ya da səs çoxluğu ilə rədd olunur. Bunun bir neçə əsas səbəbi var. Əvvəla, Azərbaycan artıq ABŞ-da strateji tərəfdaş kimi qəbul edilir. Bakı enerji layihələri, terrorizmə qarşı mübarizə və regional sabitliyin təminində ABŞ-la əməkdaşlığa mühüm önəm verir. Bu, ABŞ siyasətçilərinin Azərbaycana münasibətini dəyişib. İkinci bir tərəfdən ABŞ ictimaiyyətində erməni diasporunun, lobbisinin qeyri-konstruktiv mövqeyi, sülh prosesinə mane olması barədə yetərincə məlumat var. Bu da erməni diasporunun təbliğat imkanlarını zəiflədir.

Bütün bunların nəticəsidir ki, Konqresdə dəfələrlə gündəmə gətirilən Azərbaycana qarşı sanksiyalar layihələri dəstəksiz qalıb. Ermənistanın dəstəklədiyi “erməni soyqırımı” məsələsi isə yalnız simvolik xarakter daşıyır və real siyasətə təsir etmir. Eyni zamanda, ABŞ Dövlət Departamenti və administrasiya səviyyəsində Azərbaycanla əməkdaşlığa daha çox üstünlük verilir. Prezident Donald Trampın ölkəmizə, Azərbaycan liderinə münasibəti bunun konkret nümunəsidir. Nəticədə Konqresdə erməni lobbisinin irəli sürdüyü çoxsaylı təkliflər ya qəbul olunmur, ya da heç müzakirəyə çıxarılmadan arxivləşdirilir. Daha bir mühüm nüans odur ki, erməni lobbisinin pul qarşılığında fəaliyyəti də uğurla ifşa edilir. Bunun ən bariz nümunələrindən birini ABŞ-ın keçmiş senatoru, anti-Azərbaycan fəaliyyəti ilə yaxşı tanınan Bob Menendesin timsalında görmək olar. Bob Menendes cari ilin yanvar ayında baş tutan məhkəmə prosesində təqsirli bilinərək 11 il həbsə məhkum edilib. Prokurorlar onun yerli biznesmenlərə qarşı cinayət işlərinə müdaxilə etmək qarşılığında rüşvət olaraq qızıl külçələr, nağd pul, “Mercedes-Benz” avtomobil aldığını bildirir. Qeyd olunmalıdır ki, Bob Menendes Nyu-Cersi ştatını Senatda 18 il yarım təmsil edib, Senatın Xarici Əlaqələr Komitəsini sədri vəzifəsində çalışıb. Bu müddətdə erməni diasporu ilə sıx əlaqədə olub, diaspor təmsilçilərinin anti-Azərbaycan sifarişlərini can-başla yerinə yetriməyə can atıb. Bob Menendesin həyat yoldaşı, erməniəsilli Nadin Menendes də dörd il yarım müddətinə həbsə məhkum edilib. O, beynəlxalq korrupsiya sxemindəki roluna görə cəzalandırılıb. Nadin Menendes yüz minlərlə dollar məbləğində rüşvət almaqda təqsirli bilinib. Maraqlıdır ki, Nadin Menendes baş verənlərə görə ərini ittiham edob: “Həyatımı ona etibar etdim, o isə məni kukla kimi oynatdı”. Amma hakim Sidni Şteyn isə onu rüşvət sxeminin “mərkəzi iştirakçısı” adlandırıb: “Sən nə etdiyini bilirdin. Həmişə məqsədin vardı. Görüşləri təyin edirdin. Digərlərini cəlb edirdin”.

Beləliklə, ABŞ-da, xüsusən də Konqresdə erməni diasporu və lobbisinin Azərbaycana qarşı apardığı kampaniyaların məğlubiyyətə uğraması tarixi reallıqların dəyişməsinin göstəricisidir. Bu proses Azərbaycan üçün mühüm diplomatik qələbə olmaqla yanaşı, həm də gələcəkdə ABŞ-da da ölkəmizə münasibətdə daha balanslı və ədalətli siyasət yürüdülməsinə zəmin yaradır.

Sevinc Azadi, “İki sahil”

Seçilən
10
ikisahil.az

1Mənbələr