AZ

İkinci Qarabağ Müharibəsi milli ruhun, xalqın birliyinin və iradəsinin zəfəri idi


“Tarixi zəfərimizlə başa çatan İkinci Qarabağ Müharibəsinin başlamasından 5 il ötür. 5 il əvvəl Ermənistan yeni ərazilər zəbt etmək, Azərbaycan torpaqlarını işğal etmək arzusu ilə yenidən ölkəmizə qarşı hərbi təcavüzə keçdi. 2020-ci il, sentyabr ayının 27-də düşmən hücumu ilə başlanan İkinci Qarabağ Müharibəsi elə düşmənin biabırçı məğlubiyyəti ilə də başa çatdı. Müzəffər Ali Baş Komandan və onun qüdrətli ordusunun əkshücum əməliyyatı elə müharibənin ilk günündən qüvvələr nisbətini dəyişdi və Silahlı Qüvvələrimiz belə demək mümkünsə Ermənistanı müharibəyə başlamağa peşman etdi”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycan Ordusu 44 gün ərzində həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla 30 ilə yaxın erməni işğalı altında olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını, strateji baxımdan çox mühüm olan Şuşa şəhərini, Habelə Hadrut, Sugovuşan və yüzlərlə kəndi azad etdi:

“Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan tam məğlubiyyətə uğradılmış oldu və İrəvan məğlubiyyətini etiraf edərək Rusiya vasitəsilə Azərbaycandan müharibənin dayandırılmasını xahiş etdi. Beləliklə, 10 noyabr 2020-ci il – Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında İkinci Qarabağ Müharibəsinin başa çatmasını özündəı ehtiva edən üçtərəfli bəyanat imzalandı. Razılaşmaya əsasən Ermənistan qüvvələri Kəlbəcər, Ağdam və Laçın rayonlarını tərk etdi, Qarabağda Rusiya sülhməramlıları yerləşdirildi, Azərbaycan və Naxçıvan arasında dəhliz (Zəngəzur dəhlizi) açılması nəzərdə tutuldu”.

İlham Məmmədov onu da deyib ki, İkinci Qarabağ Müharibəsində qələbimizi şərtləndirən başlıca amillərdən biri güclü Ordu və güclü Ali Baş Komandan idisə, digər amillərdən biri də xalqın öz ordusu və Ali Baş Komandanının yanında yer alması idi. Deputat qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqı bənzərsiz birlik və həmrəylik nümayiş etdirdi:

“Cəbhədə vuruşan əsgərlər arxasında bütöv bir millət dururdu. Hər bir vətəndaş özünü orduya dəstək verən bir qüvvə kimi hiss edirdi. Müxtəlif yaş və təbəqədən olan insanlar könüllü şəkildə yardım toplayaraq əsgərlərə ərzaq, geyim və digər ləvazimatlar göndərirdi. Paralel olaraq xalq, vətəndaşlar sosial şəbəkələrdə, beynəlxalq platformalarda Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün aktivlik nümayiş etdirirdi”.

Millət vəkili bildirib ki, İkinci Qarabağ Müharibəsi təkcə hərbi qələbə deyil, həm də milli ruhun, xalqın birliyinin və iradəsinin zəfəri idi:

“Bu mübarizə Azərbaycanın tarixinə Zəfər Salnaməsi kimi yazıldı. Minlərlə şəhid və qazimizin qanı bahasına əldə olunan bu torpaqlar, gələcək nəsillər üçün həm qürur, həm də məsuliyyət mənbəyidir. Bu gün bizə o zəfəri yaşadan şəhidlərimizi hörmət və ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik. 27 sentyabr tarixi zəfərə gedən yolun başlanğıcı olmaqla yanaşı, həm də bu zəfəri bizi yaşadanların anım günüdür. Məlum olduğu kimi Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir”.

Süleyman
Seçilən
40
50
newscenter.az

10Mənbələr