Sentyabrın 17-də Suriya Ərəb Respublikasının ərazisindəki düşərgələrdə saxlanılan 1-i qadın, 6-sı uşaq olmaqla 7 nəfər Azərbaycan Respublikası vətəndaşı ölkəmizə gətirilib.
Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatından məlumat verib.
Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın göstərişinə əsasən, Aparatının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüş keçirib, onların hüquqlarının təmini vəziyyəti araşdırılıb.
Görüşdə qadın və uşaqlar Ombudsmanın mandatı, fəaliyyəti və ona müraciət imkanları barədə məlumatlandırılıb, uşaqların sosial adaptasiyası, təhsili, sənədləşmə işləri və digər məsələlərlə bağlı tövsiyələr verilib.
Eyni zamanda, müəssisə rəhbəri və əməkdaşları ilə söhbət aparılıb, yerləşdirilmiş şəxslərlə görülən işlər barədə məlumat alınıb.
Məsələ Ombudsmanın nəzarətində saxlanılır.