Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin icra etdiyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsi çərçivəsində təşkil olunan Dəyirmi Masada “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü İradə Rizazadə çıxış edib.
QHT.az xəbər verir ki, İradə Rizazadə çıxışında kasetli bombaların və minaların insan, ekologiya, iqtisadiyyat və sosial vəziyyət üzərində yaratdığı fəsadlara diqqət çəkib. QHT sədri qeyd edib ki, bu sahədə fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatları kampaniyalara qoşularaq işləri daha geniş və dərindən davam etdirməlidirlər:
“Çox ağrılı bir məsələdir. Minanın insan sağlamlığına, ekologiyaya, iqtisadiyyata və sosial duruma vurduğu zərər dəfələrlə qeyd olunub. Bu sahədə fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatları bu kampaniyaya qoşulmalıdır. Sülh prosesi başlanıb, amma hələ də xəritələr tam təqdim edilməyib və vətəndaşlarımız təcavüz təhlükəsinə məruz qalır. Bu məsələ yalnız bir insanın itməsi ilə bitmir, kimsə buna məsuliyyət daşımalıdır. Həmçinin mədəniyyət sahəsində fəaliyyət göstərən təşkilatları da layihəyə qoşulmağa çağırıram. Abidələrin ətrafları mina ilə doludur və bəzi tarixi abidələr zərər görüb. Gələcəkdə bu kampaniyada müxtəlif təşkilatların iştirakı kualison şəklində təmin edilməlidir.”
QHT sədri vurğulayıb ki, mina qurbanlarının fiziki və psixoloji problemləri ilə bağlı sistemli yanaşma olmalıdır:
“Mina qurbanlarının yalnız orqan itkisi deyil, müxtəlif xəstəliklər və psixoloji təsirlər də nəzərə alınmalıdır. Bu sahədə səhiyyə və sosial müdafiə nazirlikləri ilə birgə iş aparılmalıdır.”
Pərvanə Fərhadqızı