AZ

Qanuna tüpürdülər, Elmira Axundovanın “sağ əli” olan dələduzu vaxtından əvvəl azad etdilər! – AD GÜNÜ HƏDİYYƏSİ

Azərbaycan məhkəmə-hüquq sistemində daha bir qalmaqallı qərar verilib və ifşa olunmasın deyə gizlədilib!

Ədalət adına son illərin ən böyük biabırçılığına Bakının Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli imza atıb.

Söhbət sabiq səfir Elmira Axundovanın yaxın çevrəsindən olan, dələduzluğa görə 9 il müddətinə azadlıqdan məhrum edilən Elnur İbrahimovun vaxtından əvvəl cəza çəkməkdən azad edilməsindən gedir. Üstəlik, Axundovanın “sağ əli” hesab edilən İbrahimovun üzərində hələ də icra olunmamış 350 min manatlıq mülki iddia var!

Bu biabırçı qərarı 2024-cü ilin yayında Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli verib. Ən maraqlısı isə odur ki, azad edilmə qərarı düz Elnur İbrahimovun doğum gününə “hədiyyə” kimi verilib. Başqa sözlə, hakim Nigar Qədirli sanki dələduza ad günü sürprizi bəxş edib!
Qərarın yeganə “əsası” isə 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Fariz Əliyevin “mülahizəsi” olub.

Həmin mülahizədə yazılır:

“Məhkum Elnur İbrahimov yataq yerini səliqəli saxlayır, şəxsi gigiyena qaydalarına riayət edir, ailəsi ilə uzunmüddətli görüşlərdən istifadə edir, telefonla yaxınları ilə əlaqə saxlayır”.

Zərərçəkən Fərman Məmmədov bu sətirləri oxuyanda qəzəbini gizlədə bilmir:

“Fariz Əliyev yazsaydı ki, Elnur İbrahimov çox gözəl dələduzdur, himayəçiləri də var, bu, həqiqətə daha uyğun olardı. Amma onun əvəzində yazır ki, Elnur dişlərini fırçalayır, telefonla danışır, yuxu da görür… Hakim də bu cəfəngiyatı əsas götürüb dələduzu azadlığa buraxır!”

Əslində isə həqiqət tamam başqadır. Fariz Əliyev mülahizəsində guya Elnur İbrahimovun 350 min manatlıq mülki iddiadan 1640 manat ödədiyini göstərib. Halbuki, Fərman Məmmədovun sözlərinə görə, İbrahimov bir qəpik də ödəməyib. Bu yalan isə məhkəməyə azadlıq üçün “zəmin” kimi təqdim olunub.

“Əgər məhkəmənin aldadılması varsa, burada açıq şəkildə vəzifədən sui-istifadə var. Korrupsiya cinayətinin tərkibi var. Mən baş prokuror Kamran Əliyevə müraciət edirəm - 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Fariz Əliyevin yalan məlumat təqdim etməsinə görə cinayət işi başlansın!” - deyə Fərman Məmmədov bildirir.

Ən biabırçı məqamlardan biri isə budur ki, hakim Nigar Qədirli mülahizədəki bu “ödəmə” faktını yoxlamadan, prokurorun etirazını da saya salmadan, tələsik qərar verib. Üstəlik, zərərçəkən - mülki iddiaçı heç nədən xəbərdar edilməyib. Qərarın gizlədilməsi üçün hətta Əfv Komissiyasına yazılmış məktuba cavabında rəis Fariz Əliyev Elnur İbrahimovun onun mülahizəsinə əsasən azad edilməsi barədə bir kəlmə də qeyd etməyib.

Baş verənlərdən açıq görünür, hakim və türmə rəisi sinxron işləyiblər. Rəis yazıb ki, məhkum “özünə yaxşı baxır”, hakim də heç bir hüquqi əsas olmadan “islah olunub” qənaətinə gəlib. Əgər dələduzların bu qədər rahatlıqla azadlığa çıxması mümkündürsə, bəs onda məhkəmələrin çıxardığı hökm nəyə lazımdır?

Elnur İbrahimov 2013-cü ildə məhz Elmira Axundovanın evində başlayan dələduzluq sxeminin “vinti” olub. O vaxt sabiq deputat tanışlarını inandırırdı ki, oğlu Həbib Axundov biznes qurur, pullarını yatırmaqla böyük qazanc əldə edəcəklər. İnsanlar deputata inanaraq milyonlarla manatlarını veriblər. Faktiki isə biznes kağız üzərində qurulmuş saxtakarlıqdan başqa bir şey deyilmiş. Həmin dövrdə Elnur İbrahimov Axundovaların evində daimi “sakin” idi. Pul yığımı iflasa uğrayanda, Elmira Axundova “biznes dağıldı” deyib və Elnur İbrahimovu qabağa veriblər. Ardınca isə o, Qəbələdə Elmira Axundova ilə görüşdükdən sonra Gürcüstana, oradan Moskvaya qaçırılıb. Yalnız illər sonra ekstradisiya edilərək Azərbaycanda mühakimə olundu və 9 il cəza aldı.

Bakı Ağır Cinayətlər Məhkəməsi həmçinin Fərman Məmmədovun 350 min manatlıq mülki iddiasını təmin etmişdi. İndi isə həmin hökm, həmin mülki iddia sanki kağız parçasına çevrilib.

Zərərçəkmiş Fərman Məmmədov hakim Nigar Qədirliyə açıq sual edir:

“Əgər Elnur İbrahimov sizin 350 min manatınızı dələduzluqla ələ keçirsəydi və bir qəpik də ödəməsəydi, onu rəisin “gigiyena mülahizəsi” ilə azad edərdinizmi?”

Fərman Məmmədov bu işin Məhkəmə-Hüquq Şurası və Baş Prokurorluq tərəfindən araşdırılmasını tələb edir:

“Hörmətli cənablar, Azərbaycanda qanunçuluğun keşiyində durmağa məsul vəzifəli şəxslər!

Zərərçəkənin hüquqları təmin olunmadıqca, bu ölkədə qanunun aliliyi və ədalətə inamdan danışmaq gülüncdür. Əgər Azərbaycan dövlətinin adından çıxarılan hökmlər bu şəkildə, həm də hakim və məmur əli ilə tapdanırsa, bu, məhkəmə-hüquq sisteminin iflasıdır.

Sizi bu cinayətin araşdırılmasına çağırıram”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
22
1
musavat.com

2Mənbələr