AZ

“Tramp, Putin, Ərdoğan eyni gəmidədirlər...” “Putinə ciddi təzyiq etməyəcəklər”

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

“Gəldiyim qənaət ondan ibarətdir ki, İlham Əliyev beynəlxalq birliyi Azərbaycanla əməkdaşlığı genişləndirməyə çağırır. İnvestorları Azərbaycanın investisiya qoyuluşu üçün təhlükəsiz olmasına, invesitisiya qoyuluşu üçün əlverişli biznes mühitinin mövcudluğuna inandırmaq istəyir”.

“AzPolitika” xəbər verir ki, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezident İlham Əliyevin ABŞ-yə səfərini dəyərləndirəkən bunu deyib.

Millət vəkili qeyd edib ki, Prezident ABŞ ilə yaranmış isti münasibətlərdən istifadə edib, səfər zamanı ABŞ investorları ilə bu istiqamətdə bir sıra görüşlər keçirdi. “Ümid edək ki, Prezidentin bu səyləri öz müsbət nəticəsini verəcək. BMT Baş Məclisində çıxış edərkən Prezident ölkəmizin öz ərazi bütövlüyünü necə bərpa etməsini, sülh üçün göstərdiyi səyləri bir nümunə kimi göstərdi. Beynəlxalq birliyin diqqətini Xəzər dənizinin qurumasına yönəltdi, bunun iqlim dəyişikliyi ilə bağlı olmadığını bildirdi”, - partiya sədri əlavə edib.

Türkiyə Prezidenti R.T.Ərdoğanın ABŞ-yə səfərlərinə də münasibət bildirən Q.Həsənquliev, müttəfiq ölkənin liderinin ABŞ Prezidenti ilə keçirdiyi görüşün nəticələrini müsbət qiymətləndirib: “Türkiyənin ABŞ-dən mülki təyyarələrin alınması, nüvə enerjisindən dinc məqsədlər üçün birgə istifadəyə dair saziş imzalamasını böyük uğur hesab etmək olar. Hərbi sahədə əməkdaşlıq isə, zənnimcə, daha çox Türkiyə-İsrail münasibətlərinin inkişafından, Türkiyənin ABŞ-nin Yaxın Şərq siyasətinə nə dərəcədə dəstək verməsindən asılı olacaq. S-400-lər sadəcə bəhanədir”.

Prezident Trampın Türkiyəni Rusiyadan neft alışını dayandırmağa çağırmasına toxunan ƏHD sədri, ABŞ-nin bu istəyini ciddi və real saymır: “Tramp bunu Avropa, beynəlxalq ictimaiyyət və daxili auditoriya üçün səsləndirir. Putinlə yaxınlığına, Rusiyaya müharibəni dayandırması üçün ciddi təsir edəcək qərarların qəbulundan yayındığına görə Trampın reytinqi son zamanlar sürətlə aşağı düşür. Buna görə də o ritorikasında müəyyən dəyişikliklər etmək zorundadır. ABŞ heç kimdən heç nə xahiş, yaxud tələb etmədən təkbaşına müharibəni dayandırmaq imkanına malikdir. Tramp, Putin, Ərdoğan eyni gəmidədirlər. Ona görə nə Tramp, nə də Ərdoğan müharibəni dayandırmaq üçün Putinə ciddi təzyiq etməyəcək, bəzi məsələlərdə ölkələrinin maraqları üst-üstə düşməsə də”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
5
azpolitika.info

6Mənbələr