AZ

Tər qoxusunu necə aradan qaldırmaq olar? – Mütəxəssis məsləhətləri

Yay aylarında tər ifrazı artır və bir çox insan üçün bu, narahatlıq yaradır: islanmış geyim, dəri qıcıqlanması və xoşagəlməz qoxu.

E-saglam.az xəbər verir ki, Piroqov Universitetinin İnsan Biologiyası və Patologiyası İnstitutunun biologiya kafedrasının dosenti Oksana Minkina bu mexanizmin necə işlədiyini və isti havada belə özünü rahat hiss etməyə kömək edəcək üsulları izah edib.

Onun sözlərinə görə, tər ifrazı orqanizmi həddindən artıq qızmadan qoruyan vacib termo­regulyasiya mexanizmidir. Həkimlər bu prosesi fizioloji hiperhidroz adlandırırlar. Ondan tamamilə qurtulmaq mümkün deyil və bu, sağlamlıq üçün də zərərlidir.

Əslində tərin özü qoxusuzdur, xoşagəlməz iy isə dəridə yaşayan bakteriyaların fəaliyyəti nəticəsində yaranır. Onlar nəmli mühitdə sürətlə çoxalır və maddələr mübadiləsinin məhsulları kəskin qoxuya səbəb olur. Ən çox tər vəzləri qoltuqaltında, əllərdə, ayaqlarda və üzdə yerləşir.

Narahatlığı azaltmağın yolları:

Gündəlik gigiyena. Səhər və axşam yumşaq təmizləyici vasitə ilə duş qəbul etmək bakteriyaların sayını azaldır. Amma çox tez-tez yuyunmaq da düzgün deyil – bu, dərinin qoruyucu baryerini zəiflədə bilər.

Dezodorant və antiperspirantlar. Onları xüsusilə həssas dəriyə sahib insanlarda həkimlə məsləhətləşərək seçmək vacibdir. Tərkibə diqqət edin: bəzi maddələr (məsələn, alüminium, parabenlər) qıcıqlanma yarada bilər. Bu vasitələr yalnız təmiz və quru dəriyə çəkilməlidir.

Botulinum toksini (botoks). Lokal hiperhidroz zamanı edilən botoks inyeksiyaları tər vəzlərinin fəaliyyətini 6–8 ay müddətinə bloklaya bilir. Prosedura təhlükəsizdir, lakin mütləq mütəxəssis məsləhəti tələb edir.

 Həkim vurğulayıb ki, əsas məqsəd tər ifrazını tamamilə dayandırmaq yox, onu düzgün gigiyena və müvafiq qulluqla idarə etməkdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
20
e-saglam.az

1Mənbələr