AZ

Berlində 27 Sentyabr - Anım Günü qeyd olunub

Azərbaycanın Almaniyadakı səfirliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində tədbir keçirib.

Səfirlikdən "İki sahil"ə verilən məlumata görə, sentyabrın 25-də keçirilən tədbirdə xarici diplomatlar, elm və mədəniyyət xadimləri, Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri, media nümayəndələri iştirak ediblər.

Anım tədbiri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev 27 sentyabr - Anım Gününün Azərbaycan xalqının müasir tarixində xüsusi yer tutduğunu, ərazi bütövlüyü və müstəqillik uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin ən yüksək ehtiramla yad olunduğunu vurğulayıb. Qeyd olunub ki, məhz şəhidlərin qəhrəmanlığı sayəsində Azərbaycan uzun illər davam etmiş işğala son qoyaraq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib.

Diplomat bildirib ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalı ilə heç vaxt barışmayan Azərbaycan bu müddətdə qələbəni yaxınlaşdırmaq üçün bütün imkanlarını səfərbər edib:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü ordu qurulub, ölkənin iqtisadi əsasları möhkəmləndirilib, Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Cəmi 44 gün davam etmiş Vətən müharibəsində qazanılan şanlı Zəfər nəticəsində torpaqlar azad olundu. Vətən müharibəsindən üç il sonra - 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində isə Qarabağda separatçılığa son qoyuldu, ölkəmizin tam suverenliyi təmin olundu. Bu gün Azərbaycan xalqı müzəffər xalq, Azərbaycan dövləti isə qalib dövlət kimi regionda yeni reallıq yaradıb".

Səfir regionda sülhün bərqərar olması istiqamətində atılan addımlardan söz açaraq avqustun 8-də Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanmasının bölgə üçün tarixi əhəmiyyət daşıdığını qeyd edib. Bu sənədin 40 ilə yaxın müddətdə davam etmiş münaqişəyə son qoyaraq Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb. Xüsusi vurğulanıb ki, Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri təkcə iki ölkənin deyil, bütövlükdə regionun firəvan gələcəyinə xidmət edir.

Anım mərasimində çıxış edən tanınmış jurnalist Evald Köniq Avropanın çox sayda münaqişələrlə əhatə olunduğu bir dövrdə Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda əldə edilmiş sülh anlaşmasının region üçün ümid yaratdığını bildirib. Avropanın sabitliyə ehtiyacı olduğunu vurğulayan E.Köniq bunun üçün real imkan yarandığını və bu prosesdə Azərbaycanın mühüm rol oynadığını qeyd edib. O bildirib ki, Avropa ilə Asiya arasında strateji mövqedə yerləşən Azərbaycanın sülhə nail olması Avropanın enerji təhlükəsizliyi baxımından da önəmli rol oynayır.

Çıxışlardan sonra Bakı Media Mərkəzi tərəfindən çəkilən və Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığına və şəhidlərin əziz xatirəsinə həsr olunan "Şuşa, sən azadsan!" filmi nümayiş etdirilib.

Sonda şəhidlərin ruhuna ehsan verilib.

Seçilən
0
3
ikisahil.az

4Mənbələr