AZ

Baş prokuror: Xəzərin ekologiyasına qarşı törədilən cinayətlərlə mübarizədə birgə səylər gücləndirilməlidir

Xəzəryanı ölkələr kimi, Xəzər dənizinin ekologiyasına qarşı törədilən cinayətlərlə mübarizədə də birgə səylərin gücləndirilməsi vacibdir.

Paralel.az xəbər verir ki, bunu Baş prokuroru Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının Daşkənddə keçirilən 6-cı iclasında deyib.

Baş prokuror çıxışında ekologiya və ətraf mühitin qorunması sahəsində qanunun aliliyinin təmin olunmasında prokurorluq orqanlarının roluna toxunaraq, ekoloji cinayətlərin qlobal problemə çevrildiyini vurğulayıb. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər, xüsusilə də COP29-un Bakıda uğurla təşkil olunması və "Baku Call to Action" təşəbbüsünün qəbul edilməsinin regional və beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətli hüquqi əsas yaratdığı diqqətə çatdırılıb.

Kamran Əliyev, həmçinin bildirib ki, Azərbaycanın Baş Prokurorluğu dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində ekoloji qanunvericiliyin icrasına nəzarəti həyata keçirir, təbiətə vurulan ziyanın aradan qaldırılmasını təmin edir və bu sahədə beynəlxalq tərəfdaşlarla təcrübə mübadiləsinə xüsusi önəm verir.

Tədbir çərçivəsində həmçinin "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 6-cı iclasının Daşkənd Bəyannaməsi" qəbul olunub. Bəyannamədə üzv dövlətlərin prokurorluq orqanlarının cinayətkarlıqla, xüsusilə korrupsiya və ekoloji cinayətlərlə mübarizədə rolunun gücləndirilməsi, kiber və maliyyə cinayətlərinə qarşı regional əməkdaşlığın artırılması, həmçinin davamlı inkişaf və ətraf mühitin qorunması sahəsində birgə fəaliyyətin vacibliyi vurğulanıb.

Səfər zamanı Baş prokuror tacik həmkarı Həbibullo Vohidzoda ilə ikitərəfli görüşdə Azərbaycan və Tacikistan arasında yüksək səviyyəli münasibətlər, hüquq mühafizə orqanlarının əməkdaşlığı, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi məsələlərini müzakirə edib. Tərəflər transsərhəd cinayətkarlıq və digər çağırışlarla mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

İranın nümayəndə heyəti ilə keçirilmiş görüşdə hər iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və hüquqi yardım mexanizmlərinin səmərəli tətbiqi məsələləri müzakirə olunub. Tərəflər həmçinin regional sabitliyin möhkəmləndirilməsi, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transmilli cinayətlərlə mübarizə sahəsində birgə addımların əhəmiyyətini xüsusi vurğulayıblar.

İkitərəfli görüşlərdə, həmçinin, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Seçilən
20
18
paralel.az

10Mənbələr