AZ

Postsovet məkanında GİZLİ SAVAŞ: Moskvanın köhnə taktikasının YENİ ÜZÜ

Böyük dövlətlərin region siyasətinə yanaşmaları hər zaman həmin ölkələrin daxili və xarici sabitliyinə birbaşa təsir göstərib. Xüsusilə Rusiya kimi tarixi imperiya iddiaları olan güclər, postsovet məkanında mövqelərini qorumaq üçün müxtəlif vasitələrdən istifadə ediblər. Bu vasitələrin əsas istiqamətlərindən biri isə daxili təxribat ocaqları yaratmaq, ideoloji parçalanma toxumu səpmək və beləliklə, ölkələrin milli birliyini zəiflətməkdir. Azərbaycanın təcrübəsi də göstərir ki, “5-ci kolon” adlandırılan bu amil real təhlükə mənbəyidir və ona qarşı mübarizə təkcə siyasi yox, həm də strateji məsələdir.

Beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslının fikirləri də məhz bu kontekstdə region dövlətlərinə xəbərdarlıq xarakteri daşıyır. O, Editor.az-a açıqlamasında həm Azərbaycanın, həm də digər postsovet ölkələrinin eyni təhlükə ilə üz-üzə olduğunu qeyd edərək, ehtiyatlılıq və prinsipial mövqe sərgiləməyin vacibliyini önə çəkir:

“Rusiya daim regionu nəzarətdə saxlamaq üçün müxtəlif üsullardan istifadə edib. Bu üsulların başında ölkələr daxilində “5-ci kolon” yaratmaq və ya mövcud kolonun güclənməsini təmin etmək dayanır. Hazırda da eyni siyasət davam edir. Azərbaycanda da “5-ci rus kolon”u fəaliyyət göstərməkdədir və bu, daimi təhlükə mənbəyidir. Doğrudur, son zamanlarda həmin qüvvələrə qarşı ciddi addımlar atılıb, onların ifşa olunması prosesi davam edir. Bu səbəbdən belə bir idarənin yaradılması ölkəmizdə narahatlıqla qarşılandı və məsələ diqqətlə izlənilir. Hesab edirəm ki, bütün postsovet ölkələri bu məsələyə xüsusi həssaslıqla yanaşmalıdırlar. Lazım gələrsə, Azərbaycanın sərgilədiyi mövqeni onlar da sərgiləməlidirlər. Əks halda zərərlərini qaçılmaz şəkildə görəcəklər”.

Siyasi analitik həmçinin əlavə edib:

“Rusiyanın tarix boyu həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri ideoloji qarşıdurma yaratmaq, xalqları bir-birinə düşmən etmək və onların arasında dərin uçurumlar formalaşdırmaq olub. Moskva bu siyasətinə həmişə sadiq qalıb. Buna görə də ehtiyatlı olmaq vacibdir: ehtiyat əldən verildikdə Rusiya bu fürsəti dərhal dəyərləndirir. Bu region tarixən ideoloji qarşıdurmaların mərkəzi olub və Rusiya kimi güclər bundan hər zaman asanlıqla yararlanıb. Onun qarşısını almaq isə çətin olub və olacaq. Əgər bir dövlət ideoloji savaşın mərkəzinə çevrilirsə, dövlətçiliyi daim təhlükə altında qalır. Bunun nümunələrini Yaxın Şərqdə çox gördük, bu gün də görməkdəyik. Görünən odur ki, gələcəkdə də belə halların şahidi olacağıq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
4
editor.az

1Mənbələr