AZ

Laza kəndinə gələn palçıq seli 10 ev üçün təhlükə yaradıb – Sakinlər təxliyə ediliblər

Qusarın Laza kəndində daş-palçıq qarışıqlı sel sularının evlərə dolmasının qarşısı alınıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, Laza kəndinin mərkəzindən keçən çayda daş-palçıq qarışıqlı axın sentyabrın 22-si səhər saatlarından müşahidə olunur. Kəndinin yuxarı hissəsində yerləşən şəlalələrdən birindən tökülən palçıq axını kənd ərazisindəki körpünü və yolu basıb, evlərin həyətlərinə dolub. Bir neçə gün davam edən palçıq axını ötən gündən başlayaraq nisbətən azalıb.

“Üç gündür çaya sel gəlir. Kənddə bir neçə evi, çörək bişirən yeri, mağazanı su basıb. Bəzi evlərin sakinləri təxliyə olunub, evdəki avadanlıqları çıxarıblar”, – deyə Laza kənd sakini Sərxan Ağakişiyev bildirib.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzovun sözlərinə görə, sellə gələn palçıq qatı 10 ev üçün təhlükə yaradıb. Bununla əlaqədar 3 evin sakinləri müvəqqəti olaraq başqa yerə köçürülüb. Əraziyə texnikalar cəlb olunaraq, çay məcrasının təmizlənməsi, bəndlərin qurulması və palçıq axının istiqamətləndirilməsi işləri aparılıb.

“Əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri nəzarət edir və fəsadların aradan qaldırılması üçün tədbirlər görülür”, – deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanın şəlalələr diyarı adlandırılan Laza kəndi əcnəbi və yerli turistlər arasında məşhurdur.

Seçilən
12
8
konkret.az

10Mənbələr