AZ

Əli Məsimli Prezidentin BMT-dəki çıxışından yazdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxışında bir sıra vacib məsələlərə toxunub və mühüm mesajlar verib. Həmin çıxışın bir sıra məqamlarının akruallığını nəzərə alaraq diqqətə çatdırırıq:

Azərbaycan işğala necə son qoydu...

Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında ərazilərimizin işğaldan azad edilməsi məsələsi xüsusi yer tutub.Dövlət başçısı bildirib ki,30 ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı.Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu isə öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar.

Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü.

Qalib ölkənin sülh təşəbbüsü

Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik.Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi.Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı.

Vaşinqton Sammiti və Zəngəzur dəhlizi

Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP).

Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə

Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır.Eyni zamanda, Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır. ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi.

“Böyük Qayıdış” Proqramı çərçivəsində böyük işlər görülür

Azərbaycan Prezidenti post müharibə dövründən danışarkın bidirdi ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi. Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır.

Ermənistan işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükə

Postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən ağır humanitar problemlərdən biri də Ermənistan işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükədir. 2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir.

Münaqişə dövründə itkin düşmüş azərbaycanlının taleyi

Eynilə, 1990-cı illərin əvvəllərindən bəri Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının faciəli taleyi xüsusi diqqət və tədbir görülməsini tələb edir.

Azərbaycanın qlobal çağırışlara cavabı

Qlobal çağırışlara gəldikdə, biz inanırıq ki, cavab tədbirləri inklüziv, ədalətli və ümumbəşəri olmalıdır.Azərbaycan bir çox təşəbbüslərlə dayanıqlı həll variantlarının təşviqinə aydın sadiqliyini göstərdi.Ötən il iqlim fəaliyyəti, yaşıl keçid və maliyyəyə ədalətli çıxış məsələlərində mühüm nəticələr əldə olunmuş COP29-a ev sahibliyi etməkdən qürur duyduq. COP29-un ev sahibi kimi bütün tərəflərin, xüsusən də inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməklə, iddialı və balanslı nəticələrə yönəlmiş danışıqlara rəhbərlik etdik.

COP29-da qəbul edilmiş, Bakı Maliyyə Hədəfi kimi də tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) qlobal iqlim maliyyəsində tarixi mərhələdir. Bu öhdəlik 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin dövlət mənbələrindən inkişaf etməkdə olan ölkələrə illik 100 milyard ABŞ dolları məbləğində ilkin iqlim maliyyələşdirmə hədəfini hər il ən azı 300 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur. Azərbaycan, həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, karbon bazarları üçün uzun müddətdir gözlənilən çərçivəni uğurla yekunlaşdıraraq, Paris Sazişinin qəbulundan doqquz il sonra onun tam fəaliyyətə başlamasını təmin etdi. İqlim dəyişikliyinə məruz qalan həssas icmalara vacib dəstək verən İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyət göstərməsi üçün COP29-da bir neçə əsas saziş imzalandı.

Enerji təhlükəsizliyi

Enerji təhlükəsizliyi sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəlidir. Azərbaycan bu məqsədlərin qlobal səviyyədə irəlilədilməsində fəal rol oynamaqda davam edir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq…

Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. Yaşıl keçidə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşımıza real olmayan hədəflər qoymamalıyıq. Dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz.

Orta Dəhlizin perspektivləri

Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi bağlantı layihələri ölkəmizdən keçir. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalarda təqribən 90 faiz artımın şahidi olmuşuq. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib.

Rəqəmsal İpək Yolu” layihəsi və Azərbaycanın əsas regional rəqəmsal mərkəzə çevrilməsi

Rəqəmsal bağlantılar sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Azərbaycan “Rəqəmsal İpək Yolu” kimi əhəmiyyətli layihə vasitəsilə rəqəmsal transformasiya təşəbbüsünü irəlilədir. Bu layihəyə Azərbaycanın əsas regional rəqəmsal mərkəzə çevrilməsinə şərait yaradacaq Xəzər dənizinin dibi ilə qabaqcıl fiber-optik kabel şəbəkəsinin qurulması planları da daxildir.

Xəzər dənizi təhlükədədir

2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır.

Biz həm müharibəni udduq, həm də sülhü qazandıq

Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.

Sülhün təkcə sözdə deyil, əməldə də təmin olunduğu bir dünya qurmaq çağırışı

Azərbaycan Prezidenti çıxışınının sonunda xüsusi vurğulayıb ki, gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.

Əli MƏSİMLİ,

Milli Məclisin deputatı

Seçilən
22
34
redaktor.az

10Mənbələr