AZ

Vəkillər Kollegiyasının sədri işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşüb

Sentyabrın 26-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.

Bu barədə Operativ Media-ya kollegiyanın mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Vəkillər Kollegiyasının inzibati binasında keçirilən görüşdə Anar Bağırov vəkil köməkçilərini yeni fəaliyyət mərhələsinə qədəm qoymaları münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzulayıb və son dövrlər kollegiyada görülən işlərdən danışıb.

Anar Bağırov çıxışında qeyd edib ki, vəkil köməkçiliyi vəkilliyə aparan yolun mühüm mərhələsidir və peşəkar vəkillərin yetişməsində əhəmiyyətli rol oynayır. O vurğulayıb ki, hüquq sisteminin möhkəmlənməsi və cəmiyyətin hüquqi maariflənməsi prosesində vəkillər xüsusi yer tutur, bu səbəbdən savadlı və məsuliyyətli hüquqşünaslara hər zaman ehtiyac var.

Vəkil köməkçilərinin peşə hazırlığının artırılmasının kollegiyanın daim diqqət mərkəzində saxlanıldığını deyən sədr gəncləri fəal olmağa, təcrübəli vəkillərin bilik və təcrübəsindən faydalanmağa, eyni zamanda, öz peşəkar inkişaflarını davamlı surətdə təkmilləşdirməyə çağırıb.

Həmçinin Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin müvafiq qərarına əsasən, vəkil köməkçiləri üçün vəkilliyə qəbul üzrə ixtisas imtahanında iştirakla bağlı ödənişə tətbiq edilən güzəştdən bəhs edərək, bu qərarın gənc hüquqşünasların gələcək karyerası baxımından mühüm təşviq olduğunu diqqətə çatdırıb.

Görüşün sonunda vəkil köməkçilərinə vəsiqələr təqdim olunub.

Seçilən
8
6
operativmedia.az

8Mənbələr