AZ

Naxçıvanda “Vətənimizin unudulmaz qəhrəmanları” adlı tədbir keçirilib

“Konstitusiya və Suverenlik ili” çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Vətənimizin unudulmaz qəhrəmanları” adlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. İştirakçılar Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ruhunu bir dəqiqəlik sükutla anıblar.

Tədbirdə  Penitensiar Xidmətin Strateji planlaşdırma və monitorinq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi şəhidlərimizin əziz xatirəsinin daim yaşadılması, qazilərimizin fədakarlığının qiymətləndirilməsi və cəmiyyətin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynayır. Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı qələbə təkcə hərbi uğur deyil, həm də xalqımızın milli həmrəyliyinin, dövlət-xalq birliyinin təntənəsidir. 

Daha sonra çıxış edən “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Təbriz Zeynalov Vətən müharibəsinin gedişindən, Azərbaycan əsgərinin göstərdiyi misilsiz qəhrəmanlıqdan və müharibədən sonra şəhid ailələrinə, qazilərə dövlət səviyyəsində göstərilən qayğıdan bəhs edib. O bildirib ki, Azərbaycan xalqı tarix boyu öz qəhrəman övladlarını unutmamış və bundan sonra da onların ruhuna hər zaman ehtiram göstərəcək.

Ali Məclisin deputatı Mahir İsmayılov isə bildirib ki, müstəqil Azərbaycanın suverenliyinin qorunması, torpaqlarımızın azad olunması uğrunda şəhid olan hər bir igid Vətənimizin qürur mənbəyidir. O, həmçinin Konstitusiya və Suverenlik ilinin əhəmiyyətindən danışaraq, bu ilin Azərbaycan dövlətçiliyinin təməl prinsiplərinin daha geniş təbliği baxımından əlamətdar olduğunu vurğulayıb.

Sonda Vətən müharibəsi qazisi Muradlı Pərviz bildirib ki, xalqımızın qəhrəmanlığı və milli birlik ruhu sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. O, şəhidlərin və qazilərin əziz xatirəsinin daim uca tutulmasının, vətənpərvərlik hisslərinin gücləndirilməsinin gənc nəsil üçün böyük önəm daşıdığını vurğulayıb. Pərviz Muradlı qeyd edib ki, qazilərimiz dövlət tərəfindən göstərilən diqqət və qayğı ilə ruh yüksəkliyi qazanır, bu isə onların cəmiyyətə daha faydalı olmalarını təmin edir.

Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsinin reallıqlarını və qəhrəmanlıq səhifələrini əks etdirən “A əməliyyatı” adlı sənədli film nümayiş olunub. Filmdə döyüş bölgələrində yaşanan hadisələr, hərbçilərin göstərdiyi şücaət, eləcə də şəhid və qazilərin həyat hekayələri geniş işıqlandırılıb.

Səbuhi HƏSƏNOV

 

Seçilən
15
1
xalqqazeti.az

2Mənbələr